Xəbərlər / 11/5/2020

“ZAMANIN YEGANƏ MEYARI YADDAŞDIR”

“Tarixdə qalmaq üçün, hər şeydən əvvəl, insanların qəlbində, xatirələrində yaşamaq lazımdır…”Bu gün nə az, nə çox, düz 23 il Azərbaycan maarifinə rəhbərlik etmiş, hədsiz dərəcədə aydın, işıqlı, xeyirxah, qayğıkeş, gözütox, təmənnasız, millətsevər, xalqına bağlı bir insanın – akademik Mehdi Mehdizadənin anım günüdür.Tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov akademik Mehdi Mehdizadə ilə bağlı özünün və özünə məlum olan digər xatirələrini bölüşüb.Mehdi müəllim məni məktəb direktoru təsdiq etmədi. Gülümsəyərək, nə yaşın var ki, sənin, get çalış, həyata alış, nəzərimiz üstündə olacaq – dedi. Bir balaca incidim… getdim və bir neçə il sonra Təhsil Şöbəsinin müdiri oldum, seçdiyim fəaliyyət yolu ilə irəliləməkdə davam etdim… Mehdizadə elə bir şəxsiyyət idi ki, vəzifəsindən, ixtisasından, peşəsindən, onunla yaxınlığından asılı olmayaraq hamının rəğbətini qazanmış, onların qəlblərində dərin iz buraxmışdı.“35 ildir həyatda yoxdur, hər gün yada salır, şəklinə baxıb çox sağ ol deyirəm bizə bəxş etdiyi həyat təcrübəsinə görə. Atamın hər kəlməsi, gülə-gülə verdiyi məsləhətlər həmişə yaddaşımda, mehriban səsi isə qulagımdadır”. (Nailə Şıxaliyeva-akademikin qızı)Akademik yazdıqları haqqında əyalət müəlliminin də fikirlərini bilmək istəyirdi…Əməkdar müəllim Miriş Hüseynov deyirdi ki, bir gün Mehdi müəllimdən məktub aldım. Sevindim. Oxuyub mütəəsir oldum: “Əzizim Miriş müəllim! “Azərbaycan xalq təhsilinin sürətli inkişafı“adlı əsərimə rəy verməyinizi xahiş edirəm.“ Təsəvvür edirsinizmi, akademik adi kənd müəllimindən kitabına rəy yazmasını xahiş edir. Bu onun sadəliyi ilə yanaşı, öz müəllimini yaxşı tanımasından, onun qələminə və savadına bələd olmasından irəli gəlirdi.Xalqımızı canı, varlığı qədər sevərdi. Həmkarının, dostlarının uğurlarına uşaq kimi sevinərdi. Uzun illər Mehdi müəllimlə çiyin-çiyinə işləmiş, o vaxt Kadr idarəsinin rəisi olmuş Nəcəf Nəcəfov xatırlayır ki, Nazirliyin Kollegiya iclasında bir rayonun Maarif şöbə müdirini işdən azad etdilər. Səhərisi gün məni kabinetinə çağırıb dedi: “Get onu başa sal ki, qəbahətinin ucbatından vəzifədən uzaqlaşdırıldın. Amma biz sənə ögey deyilik. Ailəni, uşaqlarını nəzərə alıb, məktəblərdən birinə müəllim göndərərik… İllər boyu onunla birgə işlədik. And içirəm, təhsilimizin inkişafında, formalaşmasında onun maddi marağı olmayıb.”Mehdizadə əsl alim, əsl ziyalı, əsl pedaqoq idi.“Akademik Mehdi Mehdizadə öz şəxsiyyəti, şəxsı nümunəsi ilə hər yerdə, hər zaman yüksək pedaqoji etikanı nümayiş etdirirdi. Yüksək dərəcədə mədənilik, düzlük, paklıq, ədalət, qayğıkeşlik, səmimiyyət, təvazökarlıq onun şəxsiyyətinin heyrətamiz cəhətləri idi…” (Hüseyn Əhmədov, akademik)“Onun gecə-gündüz düşündüyü, fikri-zikri Azərbaycan xalqının gələcəyi, böyüməkdə olan nəslin təhsili, təlim-tərbiyəsi idi”Akademik M.Mehdizadə həmişə hesab edirdi ki, təhsil kiminsə mülahizəsi, dirijor çubuğu ilə yox, elmi-pedaqoji əsasda qurulmalı və idarə olunmalıdır: “Biz müəllimlər hamıya örnək olmalıyıq. Çünki təlim-tərbiyənin başında biz dayanırıq. Böyüyən nəsli həyata biz hazırlayırıq. Ona görə də müəllimin bir nömrəli keyfiyyəti halallıq olmalıdır. Halal olmayan müəllim kamil insan yetişdirə bilməz.”Mehdizadə əsl xalqın adamı idi…“Dəyərli Maarif naziri mərhum Mehdi Mehdizadəni həyatda görməmişəm. Baxmayaraq ki, onun nazir olduğu dönəmdə BDU-da müəllim işləmişəm. O zamanları mən təhsildən daha çox, elmə bağlı idim. Özüm elmlər doktoru olmasam belə, artıq 5-ə yaxın namizədlik işlərinə rəhbərlik etmişdim. Ancaq son onilliklərdə təhsilə daha yaxından bağlı olduğumdan həmkarlarımdan mərhum Mehdizadə haqqında çox xoş sözlər eşidirəm. Hətta bir dəfə təhsil eksperti hörmətli Nadir İsrafilovdan zarafatla soruşdum ki, sən rəhmətliyin qohumusan ya yerlisisən ki, bu qədər ağız dolusu ondan danışırsan? Nadir müəllim cavab verdi ki, professor, özün hər dəfə deyirsən ki, hər bir cəmiyyətin inkişafı orada ictimai mənafenin qorunma dərəcəsindən asılıdır. Mən də səndən nümunə götürürəm. Əgər onu şəxsən tanısaydın, məndən daha çox tərifləyərdin. O, bütün canı və qanı ilə şəxsi yox, ictimai mənafe daşıyıcısı idi…” (Şahlar Əsgərov, əməkdar elm xadimi, professor)“Tarixdə qalmaq üçün, hər şeydən əvvəl, insanların qəlbində, xatirələrində yaşamaq lazımdır, bizim Mehdi müəllim kimi…”Mənim pedaqoji sahə ilə bağlılığımda, gələcəyimiz olan təhsilə xüsusi önəm verməyimdə, və təhsil işçilərinə hədsiz rəğbət bəsləməyimdə Mehdi müəllimin şəxsi nümunəsinin böyük rolu olub. Mehdizadə haqqında xatirələr çoxdur. Bununla belə Nobel mükafatı laureatı İosif Brodskinin təbirincə desək “Elə insanlar var ki, onların həyatı hekayəyə sığmır.”Bu gün təhsildə demokratikləşmənın, humanistləşmənın, aşkarlığın, şəffaflığın, sağlam pedaqoji təfəkkürün, mənəvi düşüncənın, tabeçilikdə olanlara diqqət və qayğının, müəllimə,onun nüfuzuna yanaşma tərzinin incəliklərini mənimsəmək üçün Mehdi müəllimin həyat yoluna, nəzərı irsinə dönə-dönə nəzər salmağımıza böyük ehtiyac duyulur. Mənəviyyata söykənən bu keyfiyyətlərsiz isə təhsil sahəsində apardığımız yenilik və dəyişikliklərin arzuladığımız nəticələri verəcəyi bir o qədər də real görünməyəcək…

Nadir İsrafilov | 01.05.2019, https://mektebgushesi.az/2019/05/01/nadir-israfilov-zamanin-yegan%C9%99-meyari-yaddasdir/