Mehdi Məmməd oğlu Mehdizadə 1903-cü il yanvar ayının 5-də indiki Cəbrayıl qəzasının Daşkəsən kəndində kəndli ailəsində anadan olmuşdur. Atası Məmməd kişi yenilik tərəfdarı, savadlanma istəyi olan bir adam idi. Odur ki, onun arzusu oğlunun təhsil alması və doğma kəndlərində müəllim işləməsi idi. 11 yaşı olan zaman Mehdi Karyagin qəzasının mərkəzində açılan rus-tatar məktəbinə daxil olaraq, 1919-cu ildə bu məktəbin ilk məzunlarından biri olur və 1920-ci ildə doğma kəndlərində qiraət komasının müdiri kimi əmək fəaliyyətinə başlayır. Lakin onun arzusu müəllim olmaq, millətinin övladlarına dərs demək, bilik öyrətmək idi. Rayon mərkəzində altı aylıq pedaqoji kursların açılması onun arzusunu yerinə yetirməyə imkan yaradır. Gənc Mehdi 1921-ci ildə böyük həvəslə həmin pedaqoji kursda təhsil alır və kursu bitirdikdən sonra 1921-ci ilin sentyabrından Daşkəsən kənd birdərəcəli məktəbində müəllim və müdir kimi fəaliyyətə başlayır. 1923-cü ilin fevralında Azərbaycan Xalq Maarif Komissarlığının inspektoru, maarif xadimi Cavad Cuvarlı (1886-1963) Mehdi Mehdizadənin müdir olduğu məktəbdə yoxlama aparır və yüksək tədris nəticəsinə görə gənc müəllim Mehdi Mehdizadə mükafatlandırılır. İlk uğurdan ruhlanan, müəyyən pedaqoji təcrübəyə və nəzəri hazırlığa yiyələnən Mehdidə yeni arzu − tam pedaqoji təhsil almaq arzusu oyanır. 1923-cü ilin mayında Mehdi Mehdizadə Cəbrayıl qəzasından Bakıya üç aylıq ali pedaqoji kursa göndərilir. Həmin kursu müvəffəqiyyətlə bitirdikdən sonra o, Qəza Xalq Maarif Şöbəsinin göndərişi ilə Ali Pedaqoji İnstitutun hazırlıq kursuna qəbul olunur. Hazırlıq kursunun sonunda imtahan verib 1924-cü ildə İnstitutun Fizika-riyaziyyat fakültəsinin birinci kursuna qəbul edilir. Mehdi Mehdizadə 1926-cı ildə Ali Pedaqoji İnstitutun Fizika-riyaziyyat fakültəsini bitirib ali təhsilli fizika və riyaziyyat müəllimi kimi Cəbrayıl qəzasının Qaryagin (indiki Füzuli) şəhərindəki orta təhsil verən məktəbdə pedaqoji fəaliyyətini davam etdirir.