Xəbərlər / 1/2/2021

NADİR İSRAFİLOV: “BİZ MÜƏLLİMLƏR HAMIYA ÖRNƏK OLMALIYIQ. ÇÜNKİ, TƏLİM-TƏRBİYƏNIN BAŞINDA BİZ DAYANIRIQ…”

Bu gün də, xüsusulə təlim tərbiyə prosesinin yeni qaydalara uyğun məsafədən təşkili şəraitində belə, bu prosesin səmərəliliyi məhz müəllimin şəxsiyyətindən, peşəkarlığından, klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnməsindən daha çox asılıdır. Müəllimlərimizin məhz milli və dünya klassik fəlsəfəsinin və maarifçiliyinin görkəmli nümayəndələrinin bilik xəzinəsinin nümunələri ilə silahlanması onlar üçün təhsil sahəsindəki vəzifələrini yerinə yetirməkdə, təlim-tərbiyə prosesinin təşkilində ən yaxın yardımcı rolunu oynaya bilər.Pedaqogika və təhsilə dair çoxlu sayda monoqrafiya və məqalənin müəllifi, iki hissədən ibarət “Pedaqogika” dərs vəsaitinin həmmüəllifl, 10 cildlik “Azərbaycan Sovet Ensiklopediyası”nın, Moskvada nəşr olunan dördcildlik “Pedaqoji Ensiklopediya”nın, ikicildlik “Pedaqoji lüğət”in müəlliflərindən biri görkəmli təhsil qurucusu və təşkilatçısı, akademik M.Mehdizadə hesab edirdi ki, təhsil kiminsə mülahizəsi, dirijor çubuğu ilə yox, elmi-pedaqoji əsasda qurulmalı və idarə olunmalıdır: “Biz müəllimlər hamıya örnək olmalıyıq. Çünki təlim-tərbiyənin başında biz dayanırıq. Böyüyən nəsli həyata biz hazırlayırıq…”Onun ölkəmizdə məktəb quruculuğu, xalq maarifinin təşkili, təhsilin məzmunu, təlim metodlarının təkmilləşdirilməsi, tərbiyəvi işlərin, xalq maarifinin idarə olunmasının səmərəliliyinin artırılması sahəsindəki tədqiqatları pedaqoji ictimaiyyət arasında geniş yayılıb, onların nəticələrinin tətbiqi təhsil sistemimizə böyük fayda verib. Bu mənada “onu təfərrüatı ilə öyrənib gənc nəslə çatdırmaq, ilk növbədə onu tanıyanların vəzifəsidir. Gələcək nəsillər isə illər ötdükcə onun dəyərli, nəsillərə nümunə olan irsindən bəhrələnəcəklər”. (Nəcəf Nəcəfov)Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında ictimai Şuranın sədri, əməkdar elm xadimi, professor Şahlar Əsgərov məqalələrinin birində yazırdı: “Dəyərli Maarif naziri mərhum Mehdi Mehdizadəni həyatda görməmişəm. Baxmayaraq ki, onun nazir olduğu dönəmdə BDU-da müəllim işləmişəm. O zamanları mən təhsildən daha çox, elmə bağlı idim. Özüm elmlər doktoru olmasam belə, artıq 5-ə yaxın namizədlik işlərinə rəhbərlik etmişdim. Ancaq son onilliklərdə təhsilə daha yaxından bağlı olduğumdan həmkarlarımdan mərhum Mehdizadə haqqında çox xoş sözlər eşidirəm. Hətta bir dəfə təhsil eksperti hörmətli Nadir İsrafilovdan zarafatla soruşdum ki, sən rəhmətliyin qohumusan ya yerlisisən ki, bu qədər ağız dolusu ondan danışırsan? Nadir müəllim cavab verdi ki, professor, özün hər dəfə deyirsən ki, hər bir cəmiyyətin inkişafı orada ictimai mənafenin qorunma dərəcəsindən asılıdır. Mən də səndən nümunə götürürəm. Əgər onu şəxsən tanısaydın, məndən daha çox tərifləyərdin. O, bütün canı və qanı ilə şəxsi yox, ictimai mənafe daşıyıcısı idi…”Bəli, mən onun nə qohumuyam, nə nə də yerlisi, ancaq mənim pedaqoji sahə ilə bağlılığımda, gələcəyimiz olan təhsilə xüsusi önəm verməyimdə və təhsil işçilərinə hədsiz rəğbət bəsləməyimdə Mehdi müəllimin şəxsi nümunəsinin böyük rolu olub. Mən hətta avtoritar rejimdə belə demokratikliyi, humanistliyi, sadəliyi və təvazökarlığı ondan öyrənmişəm, onun necə böyük hörmətə layiq olduğunun və böyük nüfuz sahibi olduğunun bilavasitə şahidi olmuşam. Onun haqqında xoş söz deyənlərin əksəriyyətini tanıyırdım və bir çoxları ilə hətta yaradıcılıq təmaslarım belə olub.“Akademik Mehdi Məmməd oğlu Mehdizadə pedaqogika elminin korifeylərindən biri, maarif quruculuğunun görkəmli təşkilatçısı kimi tanınmışdı”. (Akademik, keçmiş SSRİ Maarif naziri M.A.Prokofyev) ; “Akademik M.Mehdizadənin pedaqogika elminin, pedaqoq alimlərin inkişafında, formalaşmasında böyük zəhməti, mühüm rolu olmuşdur”.( Akademik, keçmiş SSRİ PEA-nın prezidenti M.İ.Kondakov) ; “Akademik M.Mehdizadə çox nadir istedada malik alim, müdrik el ağsaqqalı kimi SSRİ Pedaqoji Elmlər Akademiyasının Rəyasət Heyətində, Akademiyanın həqiqi və müxbir üzvləri arasında böyük nüfuza malik idi”. (Akademik, keçmiş PEA-nın vitse prezidenti A.G.Xripkova); “Pedaqogikanın tarixi və nəzəriyyəsi sahəsində böyük alim kimi M.Mehdizadənin şöhrəti Azərbaycanın hüdudlarından çox-çox kənara yayılmışdır. Akademik Mehdi Mehdizadə sözün həqiqi mənasında pedaqogika elmimizin Günəşi idi”. (SSRİ PEA-nın və Qırğızıstan Elmlər Akademiyasının akademiki Əziz İzmaylov); “Akademik M.Mehdizadə müdrik insan, çox böyük nəzəriyyəçi pedaqoq alim və etibarlı məsləhətdaşımız idi”. (Akademik, Gürcüstan Respublikasının Əməkdar Elm Xadimi D.O.Lordkipianidze)Qədim Roma filosofu və dövlət xadimi Senekanın “Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq” fikri bu gün üçün də aktuallığını itirməyib və bu barədə bir daha düşünməyimizə dəyər.Bir çox hətta ali pedaqoji təhsilli gənclərimiz hələ də kifayət qədər məlumatlı deyillər ki, bu günki təhsil Sokrat, Aristotel, Platon, Seneka kimi antik filosofların, Makarenko, Komenski, Uşinski, Suxomlinski, Pestalotsi kimi nəhəng pedaqoqların, Hovard Qardner, Maykl Oukşot, Con Gudled, Martin Haydeqqer, Xuan Orteqa, Con Dyui, Lüdviq Vitgenşteyn, Yurqen Habermass kimi post modernistlər, filosof və pedaqoqların çiyinləri üzərində inkişaf edib.Azərbaycanda da bizim öyrəndiyimiz, öyrənəcəyimiz, öyrənməyi hələ bundan sonra da öyrənməkdə davam edəcəyimiz Abdulla Şaiq, Süleyman Sani Axundov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Firidun bəy Köçərli, və adları bu siyahıda çəkilməyən onlarla digər müəllimlərimiz, pedaqoji irsinə böyük ehtiyacəməz olduğu klassiklərimiz olub. Onlar dünən də olub, bu gün də var, gələcəkdə də olacaqlar.A.Şaiq Süleyman Sani Axundovun pedaqoji, ictimai, yaradıcılıq fəaliyyətini M.Ə.Sabirin, A.Səhhətin fəaliyyəti ilə birlikdə qiymətləndirərək yazmışdır: “XX əsrin əvvəllərində artıq dünya mədəniyyəti ilə yaxından tanış olan qabaqcıl ziyalılarımız çox yaxşı dərk edirdilər ki, beş-on ziyalı ilə bir millətə nicat vermək olmaz. Xalqımızın qarşısında duran böyük ictimai-siyasi vəzifələrin öhtəsindən gəlmək üçün dövrün məlumatlı, elmli ziyalılarımız çox az idi. Buna görə də yeni ruhlu mübariz ziyalı nəsli yetişdirmək, qarşımızda duran ən mühüm vəzifələrdən idi. Demokratik fikirli bütün müəllimlər, yazıçılar, maarif xadimləri yeni nəslin təlim-tərbiyəsinə böyük əhəmiyyət verirdilər. Onlar həm müəllimlik edir, həm dərsliklər yazır, həm uşaqlar üçün bədii əsərlər yaradır, bir sözlə, tərbiyə işi ilə əlaqədar olan bir neçə sahəni öz fəaliyyətlərində birləşdirdilər. Sabirin, Səhhətin, S.S.Axundovun fəaliyyətləri buna yüksək misaldır.”Hesab edirəm ki, Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Azərbaycanın bu tarixi və əzəli torpaqlarında doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış simalar barədə məlumatların təqdim edilməsi, şanlı ordumuzun qələbələri fonunda onların hörmət və ehtiramla yad edilməsi və gənc nəslə tanıtması baxımından son dərəcə faydalı olub, doğma Azərbaycanımızın görkəmli təhsil fədailərinin şərəfli həyat yoluna bir daha işıq salmaq sahəsində öz əhəmiyyətli rolunu oynayacadır.Böyük ictimai-siyasi xadim, ziyalı, jurnalist, pedaqoq, siyasətçi, yazıçı və əsl vətənpərvər şəxsiyyət Əhməd bəy Ağaoğlunun təbirincə desək “Tərbiyə üsulunda hansı mühit bir idealı ən çox həqiqətə çevirməyə nail olmuşsa, həmin mühit də ən yüksək inkişafa catmışdır. Tərbiyədən bəhs edərkən bu məfhumu ən geniş mənada anlamaq lazımdır. İnsan ruhunun üzərində təsiri olan bütün amillər nəzərə alınmalıdır. Ailə, məktəb, ədəbiyyat, sənət, fikri və hissi cərəyanlar-bütün bunların hamısı tərbiyəyə daxildir”.

03.11.2020 | https://mektebgushesi.az/2020/11/03/nadir-israfilov-biz-mu%C9%99lliml%C9%99r-hamiya-orn%C9%99k-olmaliyiq-cunki-t%C9%99lim-t%C9%99rbiy%C9%99nin-basinda-biz-dayaniriq/