Xəbərlər / 1/2/2021

DÜŞÜNÜRƏM Kİ, BİZ MEHDİZADƏ MƏKTƏBİNİ YAXŞI ÖYRƏNMƏMİŞİK

1975-ci ildə görkəmli alimimiz, akademik Mehdi Mehdizadə "Müasir ümumtəhsil məktəblərinin əsas problemləri" kitabında yazırdı: "Etiraf etməliyik ki, ümumtəhsil sahəsində görüləsi işlərimiz hələ çoxdur. Bu problemlərin müvəffəqiyyətlə həlli üçün hər şeydən əvvəl, əsas məqsədi aydın görməli, ona nail olmaqdan ötrü əlverişli yollar seçməliyik. Problemlərin həlli məktəb təhsilinin hər sahəsi üzrə vəziyyəti açıq şərh etməyi, əldə edilən nailiyyətləri şişirtmədən təhlil edib gözdən keçirməyi, işimizdəki zəif, hələ həll edilməmiş və ciddi nöqsanlara göz yummamaği, onları aradan qaldırmağı, bir sözlə tam həlli üçün imkan daxilində olan daha düzgün, daha əlverişli yollardan bacarıqla istifadə etməyi tələb edir". Qeyd edim ki, mərhum akademikimiz bu kitabı yazanda Azərbaycan SSRİ Maarif naziri vəzifəsində çalışırdı. Dövrünün naziri həmin vaxt mövcud problemləri açıq-aydın şəkildə öz kitabında, əsərlərində qeyd edirdi. Nailiyyətləri şişirtməməyi, nöqsanlara göz yummamağı, problemlərin ciddi şəkildə təhlil edilməsini qarşıya məqsəd qoyurdu. Bir məsələni də qeyd edim ki, Mehdi Mehdizadə hələ 50 il bundan əvvəl öz əsərlərində müasir çağırışlar edib. O, təhsilin müasir tələblərə cavab verməli olduğunu, həyatı bacarıqların təhsildə xüsusi yer tutmasını vacib hesab edib. Düşünürəm ki, biz Mehdizadə məktəbini yaxşı öyrənməmişik. Öyrənsək də onun ideyaları, düşüncələri sonradan tətbiq olunmayıb. Məncə Mirzə Ələkbər Sabir poeziyada hər dövrün müasiri olduğu kimi, mərhum akdemikimiz Mehdizadə də təhsildə hər dövrün müasiridir. Başqa xalqların pedaqoqlarını, onların ideyalarını öyrənmək olar. Ancaq gərək birinci özümüzün alimimizə üstünlük verək. Özü də elə bir alimə ki, orta məktəb müəllimindən nazirə kimi yüksələn, məktəbi, məktəbşünaslığı yüksək səviyyədə bilən alimdən.

Niyazi Şərifsoy | 21.12.2020