Xəbərlər / 1/21/2021

TƏQVİMDƏN ASILI OLMAYARAQ, HƏR GÜN XATIRLANASI ŞƏXSİYYƏT... NƏ YAXŞI Kİ, TƏHSİLİMİZDƏ MEHDİ MEHDİZADƏ OLUB, NƏ YAXŞI Kİ, CƏMİYYƏTİMİZ BU CÜR ÖRNƏK ŞƏXSİYYƏTLƏRDƏN XALİ DEYİL.

Yeni tarixi təqvimin tətbiq edilməsi nəticəsində, köhnə və yeni stil məhfumuna əsalansaq, bu gün (5 [18] yanvar 1903 – 1 may 1984) görkəmli alim, pedaqoq, maarifçi, Əməkdar Elm Xadimi, akademik Mehdi Mehdizadənin doğum günüdür. Hər dəfə mərhum akademiki xatırlayanda öz-özünə təsəlli tapırsan ki, nə yaxşı ki, təhsilimizdə Mehdi Mehdizadə olub, nə yaxşı ki, cəmiyyətimiz bu cür örnək şəxsiyyətlərdən xali deyil. İllər keçsə də heç yadımdan çıxmır, 70-ci illərin sonu idi. Aspiranturanı yenicə bitirib kiçık elmi işçi kimi Nazirliyin Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (Bir müddət Təhsil Problemləri İnstitutu, hazırda Təhsil İnstitutu) fəaliyyətə başlamışdım. Qəfil bir telefon zəngi məni bərk həyəcanlandırdı: ”Maarif Naziri Mehdi Mehdizadə sizi görmək istəyir, sabah saat 11-də onun yanında olmalısınız”. Narahatçılığımdan gecəni səhərədək gözümə yuxu getmədi. Ağlıma cürbəcür fikirlər gəlirdi, öz-özümə düşünürdüm ki, mən hara, Mehdizadə hara, görəsən nəyə çağırır, İttifaq miqyasında tanınan və sayılan, böyük-böyük titullar və nüfuz sahibi olan akademikin adi kiçik elmi işçı ilə nə işi ola bilər... Deyilən vaxt onun qəbul otağında oldum. Katibə mənim Nadir İsrafilov olduğumu bilən kimi: “Keçin içəri, akademik sizi gözləyir”- dedi. İçəri daxil oldum. Nazir Mehdizadə məni görcək eynəyini bir az yuxarı qaldırdı və kiçik bir aradan sonra təəccüblə gülümsünərək dedi:”Xoş gəlmisiniz. Nadir İsrafilov sizsiniz? Siz bu qədər gəncsinizmiş, elə düşünürdüm ki, xeyli yaşınız var”. Cavabımı gözləmədən sözlərinə davam etdi: ”Tanışlığımıza məmnun oldum. Yazınız çox xoşuma gəldi. Sizin kimi gənclərlə yalnız fəxr etmək olar, fəaliyyətinizi bu istiqamətdə də davam etdirin. Hər hansı bir çətinliyiniz olsa, mütləq mənə müraciət edin”. Gələcək işlərimdə mənə dönə-dönə uğurlar arzulayan bu ağayana və alicənab şəxsiyyət uşaq kimi sevincini gizlədə bilmirdi. Mən isə çaş-baş qalmışdım. Başa düşə bilmirdim ki, söhbət nədən, hansı yazıdan gedir. Bir anlığa ağlıma gəldi ki, yəqin akademik məni kiminləsə qarışdırır. Amma özümə bir az toxtaqlıq verərək, narahatçılıqla söhbətin sonunu gözlədim. O isə, sanki təəccübləndiyimi hiss etmiş kimi sözlərini davam etdirə-etdirə əlindəki jurnalı mənə uzatdı. Bu Moskvada nəşr olunan, o zamanın ən məşhur və nüfuzlu “Sovetskaya pedaqogika” jurnalının sonuncu nömrəsi idi. Sən demə, bir neçə ay əvvəl aspirant və gənc alimlərin Latviyanın paytaxtı Riqa şəhərində keçirilən Ümumittifaq konfransdakı məruzələrdən ən yaxşıları seçilərək, jurnalın bu nömrəsində dərc edilibmiş və onların arasında mənım tezislərim də varmış. Onda mənə əyan oldu ki, nazir Mehdizadə onu oxuyub və məni yanına təşəkkürünü bildirmək üçün çağıtdırıbmış.

Nadir İsrafilov _ Təhsil eksperti