Xəbərlər / 1/19/2021
"GƏRƏK ELƏ YAŞAYASAN Kİ, ÖLƏNDƏN SONRA DA YAŞAYA BİLƏSƏN." Böyük tatar şairi Musa Cəlil. Dünyada seçilən insanlar olur. Seçilənlər bəşəriyyətin bir qismi olaraq cəmiyyətin yolunu işıqlandırırlar. Tanrının sayqılı insanları olanlar bu meyarlarla səciyyələnən, vətənin ən ünlü vətəndaşı sayılır. Onların həyatda qoyduğu iz, açdığı cığır, keçdiyi şərəfli ömür yolu gələcək nəsillər üçün örnək olur. Onlar xalq üçün çalışan, özləri isə getdikcə daha ucada olan insanlardır. Dövrünün pedaqoji salnaməsini yaratmış, pedaqogika elminin görkəmli nümayəndəsi, tanınmış ictimai xadim, böyük alim, akademik Mehdi Mehdizadə hər bir kəsin qəlbində mərhəmət çırağı yandırmağı bacaran belə şəxsiyyətlərdən idi. Bu gün yüzlərlə insan ölkəmizdə xalq maarifinin inkişafına, elmə, xalqın tərəqqisinə məhəbbət və məsuliyyətlə yanaşmada vicdanlı, munis dəyərlərlə xidməti olan, doğma xalqının oğlu Mehdi Mehdizadəni seve-sevə yad edib, ruhuna rəhmət diləyir. Mehdi Məmməd oğlu Mehdizadə 1903-cü ildə Cəbrayıl qəzasının Daşkəsən kəndində dünyaya gəlmişdir. Atası Məmməd kişi dünyaya gələn körpəsinə min bir xeyir-dualı arzular diləyib, oğlunun boya-başa çatıb savadlı olmasını görmək istəyib. Arzulayıb ki, oğlu Mehdi xalqına, vətəninə gərəkli bir insan olmaqla doğma Daşkəsəndə məktəb açıb kəndin uşaqlarına savad öyrətsin. Azərbaycan müxtəlif dövrlərdə, müxtəlif imperiyaların tərkib hissəsi olub, buna baxmayaraq mübariz xalqımız öz tarixini, dilini, mədəniyyətini qoruyub saxlayaraq, milli mənliyini itirməmişdir. 1917-ci ilde çar Rusiyası süquta yetir. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik parlament respublikası elan olunur. Ölkədə ana dilində olan məktəblər bərpa edilir. Hətta müsəlman qızları üçün də dünyəvi məktəb açılır. Mehdi ibtidai məktəbə daxil olanda artıq onun 11 yaşı vardı. O, 1919-cu ildə müstəqil Azərbaycan dövlətinin milli ibtidai məktəbinin ilk məzunlarından olur. 1920-ci ildə sovet Rusiya imperiyasının qırmızı ordu dəstələri Azərbaycanı işğal edir. Əfsuslar olsun ki, Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkir. Müstəqil Azərbaycan dövləti devrilir. Yerli xalqı narazı salmamaq üçün məktəblərin ana dilində olması davam etdirilir. 1920-ci ildə Mehdi məktəbi bitirir, Daşkəsən kəndində qiraət komasının müdiri kimi fəaliyyətə başlayır. Lakin Mehdi – müəllim olmaq, kəndin uşaqlarına dərs demək, onları savadlandırmaq, eləcə də atası Məmməd kişinin arzularını çin etmək istəyindən əl çəkmir. O, Cəbrayıldakı yeni açılmış 6 aylıq pedaqoji kursa daxil olur. Kursu bitirdikdən sonra Daşkəsən kənd məktəbində işləyir. Kəndli balalarını məktəbə cəlb edir, onları oxumağa həvəsləndirir. 1923-cü ildə Mehdinin müdir olduğu birinci dərəcəli məktəbdə yoxlama aparılır. Yüksək tədrisin nəticəsinə görə qəzanın 6 müəllimi, eləcə də gənc müəllim sayılan Mehdi mükafatlanmaqla Bakıya 3 aylıq kursa göndərilir. Kursu bitirib Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hazırlıq kursuna daxil olur. Sonra imtahan verərək fizika-riyaziyyat fakültəsinə qəbul olur. İnstitutun ictimai həyatında da fəal iştirak edir, tələbə nümayəndəsi kimi formalaşır. Mehdi ali məktəbi başa vurub Qaryagin (indiki-Füzuli) şəhərindəki orta məktəbdə pedaqoji fəaliyyətə başlayır. Elə o zamandan başlayaraq gənc Mehdi ömrünü sonsuz məhəbbət bəslədiyi, böyük maraq göstərdiyi müəllimlik sənətinə həsr edir. O, yalnız tədris metodik işlərə deyil, ümumi pedaqoji problemlərə də maraq göstərir, müəllimlik etməklə bərabər, qəza metodbürosunun sədri təyin edilir. İbtidai məktəblərin yeni proqramları, təlim metodları, məktəbin həyatla əlaqəsi və o dövrün digər aktual problemləri haqqında göstərişləri ilə qəza müəllimlərinin işinə metodik yardım göstərir. Onun respublika xalq maarifi komissarlığında da pedaqoji və ictimai fəaliyyəti yüksək qiymətləndirilir. 1930-cu ildə Azərbaycan xalq maarifi komissarlığının ictimai tərbiyə baş idarəsinin elmi katibi və xalq komissarlığının birinci müavini, Ayna Sultanovanın köməkçisi təyin edilir. Elmi-pedaqoji işə maraq göstərən Mehdi müəllim 1931-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasına daxil olur. Pedaqogika tarixinə müasir təlim-tərbiyə məsələlərinə aid məqələlərlə dövri mətbuatda çıxış edir. 1941-ci ildə Azərbaycan məktəblərində "Ana dilində savad təliminin inkişaf tarixi” adlı mövzusunda namizədlik dissertasiyası müdafiə edir, pedaqoji elmlər namizədi, alimlik dərəcəsi alır. 1942-ci ildə İkinci Dünya Müharibəsində iştirak edir. Müharibə illərində 4 il sovet ordusu sıralarında xidmət edir, ordudan tərxis olduqdan sonra 1946-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda elmi реdaqoji fəaliyyətini davam etdirir. 1956-cı ildə “Azərbaycan sovet məktəbinin inkişafı tarixinə dair xülasələr" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi alır. M.Mehdizadənin ömrünün 36 ili ali təhsil ocağı ilə bağlı olub. Kafedra müdiri, dekan, elmi işlər üzrə direktor müavini, 1950-1951-ci ildə APİ-nin direktoru, 1952-1954-cü ildə Azərbaycan SSR maarif naziri işləyib. M.Mehdizadə 1960-cı ildə ikinci dəfə Azərbaycan SSR maarif naziri təyin edilir. O, 25 ilə yaxın müddətdə respublikanın xalq maarifinə rəhbərlik edir. Xalq maarifinin inkişafına böyük təşkilatçılıqla xidmət göstərməklə təhsilin yüksək peşəkarlıq səviyyəsində elmi əsaslarla idarə edilməsi sahəsində əsil nümunə göstərir. M.Mehdizadə təhsil üzrə beynəlxalq əlaqələrin inkişafı sahəsində də çox böyük işlər görür. 1961-1964-cü illərdə UNESCO-nun təhsil üzrə komitələrindən birinin üzvü olub, inkişaf etməkdə olan dünya ölkələrində xalq maarifi quruculuğu təcrübəsinin yayılmasında çox fəal iştirak edib. Hollandiya, Fransa, Polşa, Afrika ölkələrində pedaqoji elmi nailiyyətlərindən nümunəvi çıxışlar edib. O, 55 ilə yaxın elmi yaradıcılıq fəaliyyətində təhsilin tarixi, nəzəri və əməli problemlərini diqqətlə araşdırmaqla, Azərbaycan pedaqoji elminin inkişafına güclü təsir göstərmişdir. Onun respublikada məktəb quruculuğunun, xalq maarifinin təşkili, təhsilin məzmununun, təlim metodlarının təkmilləşdirilməsi, tərbiyəvi işlərin səmərəIi artırılması sahəsindəki görülən işlərin nəticələri çox böyük fayda vermişdir. M.Mehdizadənin “Azərbaycan məktəbi”, “Народное образование", "Советская педагогика" еlәсə də digər jurnallarda dərc edilmiş məqalələri pedaqoji ictimaiyyət arasında çox geniş vüsət almışdır. M.Mehdizadənin müəllifi olduğu "Azərbaycanda sovet məktəbinin tarixinə dair xülasələr”, "Azərbaycan xalq maarifi yeni yüksəlişdə”, “Azərbaycanda xalq maarifinin sürətli inkişafı”, "Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi yolları” kimi iri həcmli monoqrafiyaları (Azərbaycan ve rus dilində), yüzdən çox kitabçalar və jurnal məqalələri alimin bu tədqiqatlarının nəticələri ali məktəb tələbələri, müəllimlər, tərbiyəçilər, alimlər tərəfindən öyrənilir və praktik fəaliyyətdə tətbiq edilir. M.Mehdizadə elmi-pedaqoji kadrların hazırlanması işinə də böyük diqqət və qayğı ilə yanaşmış, onlarla yüksək ixtisaslı alimlərin yetişməsində böyük zəhmət sərf etmişdir. O, daim respublikanın təhsil sisteminə elmi yeniliklərin gətirilməsi qayğısına qalmışdı. Rostov vilayəti və Tatarıstan müəllimlərinin iş təcrübəsinin öyrənilib yerli şəraitə uyğun şəkildə tətbiq olunmasının, təlimin intensivləşdirilməsi, proqramlaşdırılması, təlim prosesinin optimallaşdırılması və başqa ideyaların məktəblərə tətbiqi, təbliği birbaşa Mehdi Mehdizadənin adı ilə bağlıdır. 1961-ci ildə institutda ibtidai məktəb və məktəbəqədər tərbiyə şöbəsi M.Mehdizadənin təşəbbüsü ilə yaradılmışdır. M.Mehdizadənin elmi yaradıcılığı o qədər çoxşaxəlidir ki, onun yaradıcılığının hansı sahəsinə nəzər salsaq, çox dərin ideyaların, mürəkkəb elmi məsələlərin həllinin şərh edildiyini görərik. Alimin əsərlərinin bir qismi 20-ci ilə qədərki məktəb quruculuğu məsələlərinə, təhsilin təşkilinə, ayrı-ayrı pedaqoqların pedaqoji fəaliyyətinin öyrənilməsinə həsr edilmişdir. Mehdi Mehdizadənin ən böyük xidmətlərindən biri də Azərbaycanda məktəb tarixinin 20-ci ildən sonrakı dövrünün öyrənilməsi ilə bağlı olub. Əsərlərin xeyli qismi dərsin qurulması, aparılması, təlimin təşkili, ауп-ауrı fənlərin öyrənilməsi mexanizminin açılması, təlim-tərbiyə işində pedaqoji ustalığın yaradıcılıqla qurulması geniş şərh edilir. Alimin Azərbaycanda məktəb işi təcrübəsindən bəhs edən monoqrafiyası başqa müəlliflərlə birgə 1984-cü ildə UNESCO-nun xətti ilə ingilis, fransız, rus və digər dillərdə nəşr edilmişdir. Alimin görkəmli pedaqoq Rəşidbəy Əfəndiyevin həyat və pedaqoji fəaliyyətinin tədqiqi sahəsində də əvəzsiz xidməti olub. Alimin tədqiqatlarının digər bir qismi onun xalq maarifinin idarə edilməsinə həsr edilmiş əsərləri təşkil edir. Bu əsərlər Azərbaycandan kənarda da Rusiya, Ukrayna, Belarusiya, Orta Asiya, Baltikyanı ve digər respublikalarda da alimlərin hesablaşdığı yüksək tədqiqatlardan sayılır. Dünya şöhrətli pedaqoqlardan M.Skatkin, İ.Lerner, M.Maxmutov, Ə.İzmaylov, M.F.Şabayeva və başqaları M.Mehdizadə ilə sıx dostluq əlaqələri saxla-yırdılar. M.Mehdizadənin müəllifliyi İlə 1941-1958-1959-cu illərdə nəşr edilmiş iki hissədən ibarət "Pedaqogika” dərsliyi uzun illər tələbələrin istifadə etdiyi yeganə dərs vəsaiti olmuşdur. M.Mehdizadə yüksək ixtisaslı elmi-pedaqoji kadrların yetişməsi uçün də əlindən gələni əsirgəməyib. Alimin rəhbərliyi ilə neçə-neçə doktorluq və namizədlik dissertasiyaları müdafiə edilmişdir. Moskva, Tbilisi və başqa şəhərlərdəki elm və təhsil ocaqlarının elmi şuralarında müdafiə edilən namizədlik və doktorluq müdafiələrində opponent olmuşdur. M.Mehdizadə 1980-cı ildə təqaüdə çıxdıqdan sonra da elmi yaradıcılıqla məşğul olur. Az müddət ərzində məktəbli şəxsiyyətinin hərtərəfli inkişafından bəhs edən irihəcmli monoqrafiyasını yazıb, çap üçün Moskvanın “Pedaqoqika” nəşriyyatına təqdim edir. 1982-ci ildə təlim-tərbiyə işinin təkmilləşdirilməsi уоllarından bəhs edən irihəcmli monoqrafiyası Bakıda “Maarif” nəşriyyatında çap edilib. M.Mehdizadə Azərbaycan Pedaqoji Elmi-Tədqiqat İnstitutunda elmi məsləhətçi kimi fəaliyyət göstərməklə elmi tədqiqat problemlərinin seçilməsi və planlaşdırılmasında yaxından iştirak edir, gənc alimlərə məsləhətlər verir, mühazirələr oxuyurdu. M.Mehdizadənin elmi yaradıcılığının diapazonu o qədər geniş, o qədər çoxşaxəlidir ki, onun yaradıcılığının hansı sahəsinə nəzər salsaq, çox dərin ideyaların, mürəkkəb elmi məsələlərin həllinin şərh edildiyini görərik. Ona görə də alimin yaradıcılıq yolu haqqında bir məqalə çərçivəsində məlumat vermək çox çətindir. M.Mehdizadənin elmi yaradıcılığı və rəhbər olduğu vəzifələrdə vətəninə, xalqına xidməti, əməyi yüksək qiymətləndirilmişdir. O, bir neçə çağırış SSRİ Ali sovetinin deputatı olmuş, ölkənin yüksək mükafatları "Əməkdar elm xadimi", SSRİ pedaqogika elmləri akademiyasının həqiqi üzvi seçilmişdir. 3 dəfə "Lenin ordeni”, 4 dəfə “Qırmızı Əmək Bayrağı”, Azərbaycan SSR Ali soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif edilmişdir. Alimin xatirəsini əbədiləşdirmək üçün Bakı şəhərinin küçələrindən birinə Mehdi Mehdizadənin adı verilmişdir. Cəbrayıl rayonunda 1 saylı, Beyləqan rayonunda 3 saylı, Gəncə şəhərindəki 4 saylı ümumtəhsil orta məktəbləri akademik Mehdi Mehdizadənin adını daşıyır. Akademik M.Mehdizadə bütün nailiyyətləri ilə bərabər, həm də mehriban, diqqətli, qayğıkeş ailə başçısı idi. Deyirlər: Yaxşı ailə qurmaq üçün təkcə məhəbbət kifayət deyildir, ərlə-arvad arasında məhəbbət dostluqla qoşa addımlamalıdır. Çünki bu ailə dəyərlərinin arxasında düzlük, səmimiyyət, mehribanlıq, ədalət və halallıq durur. Yunan alimi Xilon deyirdi: “Yaxşı rəhbərlik etməyi evində öyrən.” Mehdi müəllim həm də gözəl ailəsinin böyük rəhbəri idi. M.Mehdizadə mənəviyyat tarixində izi olan elə bir şəxsiyyət idi ki, onun elmi-pedaqoji irsi bugünkü gənclərimiz, həm də yeniləşən nəsillər üçün parlaq bir örnək olaraq qalacaqdır. Akademik M.Mehdizadənin arzuları çox böyük idi. Alim XXI əsr məktəbinin başlıca problemləri üzrə tədqiqatlara başlamağı tövsiyə edirdi. Lakin nə etmək? Ölüm vəfa etmədi. Akademik M.Mehdizadə bütün həyatını Azərbaycanda xalq maarifinin inkişafına həsr etdi. Təhsil quruculuğu tarixini, eləcə də yazıb yaratdığı əsərləri ilə dövrünün pedaqoji salnaməsini yaratdı.
Rəfiqə Məsud. Kinossenarist, publisist, Əməkdar mədəniyyət işçisi. "Respublika" qəzeti. 22 aprel, 2016-cı il.