Xəbərlər / 1/25/2021

GÖRKƏMLİ ALİM VƏ MAARİF XADİMİ

Pedaqogika elminin görkəmli nümayəndəsi, tanınmış ictimai xadim, Rusiya Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Mehdi Məmməd oğlu Mehdizadə 1903-cü il yanvar ayının 18-də dünyaya göz açmışdır. 90 il bundan qabaq onun doğulduğu Cəbrayıl qəzasının Daşkəsən kəndi o qədər də böyük və abad deyildi. Kənddə tək-tək molla məktəbini qurtaranlardan başqa bir nəfər də dünyəvi təhsil görmüş savadlı yox idi. Amma Məmməd kişi oğlunu savadlı görmək istəyirdi. O, arzulayırdı ki, oğlu Mehdi böyüsün, məktəb qurtarsın, doğma Daşkəsənə maarif işığı gətirsin, məktəb açıb kəndin uşaqlarına savad öyrətsin. Məmməd kişi uzun müd- dət arzusuna çata bilmədi. Çünki kənddə ibtidai məktəb yox idi. Uşağı Cəbrayıla göndərmək üçün isə pul tapa bilmirdi. 1914-cü ildə Azərbaycanın bir çox kəndində təlim rus dilində olan ibtidai məktəblər açıldı. Onlardan biri də Daşkəsən civarına düşmüşdü. Mehdi ibtidai məktəbə daxil olanda artıq onun on bir yaşı vardı. Üç il sonra Çar Rus İmperiyasının süqutu ilə əlaqədar olaraq Azərbaycan kəndlərindəki azəri türklərinin oxuduqları rus dilli məktəblər buraxıldı. Yeni yaranan müstəqil Azərbaycan Demokratik Cümhuriyyəti tədris ana dilində olan məktəbləri bərpa etdi. Mehdiyə xoşbəxtlik nəsib oldu. O, maddi çətinlik çəksə də, 1919-cu ildə 16 yaşında müstəqil Azərbaycan Dövlətinin milli ibtidai məktəbinin ilk məzunlarından idi. Lakin çox çəkmədi ki, millət balalarının müstəqil Azərbaycan Cümhuriyyətinə xidmət etmək arzuları gözlərində qaldı. 1920-ci ilin aprelində Sovet Rusiyası İmperiyasının qaniçən qırmızı ordu dəstələri Azərbaycanı işğal etdi, müstəqil Azərbaycan dövlətini devirdi. Azərbaycanda Sovet hökuməti yarandı. Yerli xalqı narazı salmamaq üçün məktəblərin ana dilində olması davam etdirildi, savadsızlığın aradan qaldırılması üçün bir sıra tədbirlər həyata keçirilməyə başlandı. Bu zaman gənc Mehdi həvəslə mədəni quruculuq işlərinə girişir. 1920-ci ilin noyabrından doğma Daşkəsən kəndində qiraət komasının müdiri kimi müxtəlif mədəni tədbirlər həyata keçirməyə başlayır. Lakin Mehdi müəllim olmaq, millət balalarına dərs demək, bilik öyrətmək arzusundan əl çəkə bilmir. Altı aylıq pedaqoji kursların açılması onun arzusunu yerinə yetirməyə imkan yaradır. Gənc Mehdi böyük həvəslə Cəbrayıldakı pedaqoji kursa daxil olub, orada oxuyur. Pedaqoji kursu bitirdikdən sonra müəllim kimi Daşkəsəndə doğma kənd məktəbində işləməyə başlayır. Azərbaycanda sovet tədris ilinin ikinci ili Mehdi müəllimin pedaqoji fəaliyyətinin başlanğıc ili olur. O, 1921-ci ilin oktyabr ayını − uşaqlığından qəlbində bəslədiyi müəllim olmaq arzusuna çatdığı həmin ayı həm də sonrakı bütün uğurlu pedaqoji fəaliyyətinin təməli hesab edərək həmişə sevinc hissi ilə xatırlardı. O zamandan başlayaraq gənc Mehdi ömrünü sonsuz məhəbbətlə, böyük maraqla müəllimlik işinə həsr edir. Müdiri olduğu birinci dərəcəli məktəbdə təlim-tərbiyə işini yüksək səviyyəyə qaldırır. Kəndli balalarını sevə-sevə, əzizləyə-əzizləyə məktəbə cəlb edir, onlar üçün dəftər-kitab, kağız-qələm tapıb gətirir, ciddi-cəhdlə onlara savad öyrədir, kövrək, kiçik ürəklərə əsil müəllim ürəyinin nəhayətsiz məhəbbətindən pay verir. Mehdi müəllim həm öyrədir, həm də öyrənir. Özünütəhsillə çox ciddi məşğul olur. Əlinə düşən kitabları acgözlüklə oxuyur, peşə savadını artırır. Az keçməmiş öz işində müvəffəqiyyət qazanır. 1923-cü ilin fevralında Azərbaycan Xalq Maarif Komissarlığının inspektoru, görkəmli maarif xadimi C.Cuvarlı Mehdi Mehdizadənin müdir olduğu birinci dərəcəli məktəbdə yoxlama aparır və bu müvəffəqiyyətlərin şahidi olur. Yüksək tədris nəticəsinə görə qəzanın 6 müəllimini, o cümlədən gənc müəllim M. Mehdizadəni mükafatlandırırlar. Artıq müəyyən pedaqoji təcrübəyə va nəzəri hazırlığa yiyələnmiş Mehdi müəllimdə yeni arzu oyanır: tam pedaqoji təhsil almaq. 1923-cü ilin mayında Cəbrayıl qəzasından Bakıya üç aylıq ali pedaqoji kursa yeddi müəllim göndərilir. Onlardan biri Mehdi Mehdizadə idi. Lakin bu kurs da onun öyrənmək tələbatını ödəmir. Buranı bitirən kimi Qəza Maarif Şöbəsinin icazəsi ilə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hazırlıq kursuna daxil olur. Hazırlıq kursunun sonunda imtahan verərək fizika-riyaziyyat fakültəsinin I kursuna qəbul edilir. Ali təhsil Mehdi Mehdizadənin istər fizika və riyaziyyat elmləri üzrə, istərsə də ideya-mənəvi səviyyəcə inkişafına güclü təsir göstərir. O, İnstitutun ictimai həyatında fəal iştirak edir, tələbə nümayəndəsi kimi formalaşır. 1926-cı ildən sonra Mehdi Mehdizadənin müəllimlik fəaliyyətinin ikinci mərhələsi başlanır. O, ali təhsilli fizika və riyaziyyat müəllimi kimi Cəbrayıl qəzasının Qaryagin (inidiki Füzuli) şəhərindəki ikinci dərəcəli məktəbdə (orta təhsil verən məktəb—red.) pedaqoji işini davam etdirir. M.Mehdizadə yalnız tədris-metodik işlərlə deyil, ümumpedaqoji problemlərlə maraqlanır. Buna görə də Qəza metodbürosunun sədrliyini də rəsmi olaraq ona tapşırırlar. O, müəllim işləməklə bərabər, Qəza metodik mərkəzinə böyük həvəslə və məharətlə rəhbərlik edir. Müəllimlər arasında, qəza müəllimlərinin konfranslarında, ayrı-ayrı məktəblərdə ümumpedaqoji və metodik istiqamətlərdə iş aparır, söhbətlər keçirir. O, ibtidai məktəblərin yeni proqramları, təlim metodları, məktəbin həyatla əlaqəsi və o dövrün digər aktual problemləri haqqında göstərişləri ilə qəza müəllimlərinin işinə metodik yardım göstərir. Qəzada olduğu kimi Respublika Xalq Maarif Komissarlığında da M.Mehdizadənin pedaqoji və ictimai fəaliyyəti yüksək qiymətləndirilir. 1930-cu ilin martında onu Azərbaycan Xalq Maarif Komissarlığının İctimai Tərbiyə Baş İdarəsinin elmi katibi və Xalq Komissarının birinci müavini Ayna Sultanovanın köməkçisi təyin edirlər. Lakin M. Mehdizadə bu vəzifədə çox qalmır. Elmi-pedaqoji işə böyük maraq onu məzunu olduğu Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasına gətirir. 1931-ci ilin sentyabrından onun elmi-pedaqoji fəaliyyəti başlayır. O, V.İ.Lenin adına (indiki N. Tusi adına - red) APİ-də pedaqogikadan mühazirələr oxuyur. Elmi-pedaqoji fəaliyyətini, ictimai işlərdəki fəallığını getdikcə genişləndirir. Pedaqogika tarixinə, müasir təlim-tərbiyə məsələlərinə aid məqalələrlə dövrü mətbuatda çıxış edir. 1941-ci ildə ibtidai təhsilin məzmumuna həsr edilmiş namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir. 1942-ci ilin sentyabrından 1946-cı ilin iyununa qədər isə Sovet ordusu sıralarında xidmətdə olur, faşist işğalçılarına qarşı mübarizədə qanlı döyüşlərdə iştirak edir. M.Mehdizadə ordudan tərxis edildikdən sonra V.İ.Lenin adına APİ-də elmi-pedaqoji fəaliyyətini davam etdirir. Onun ömrünün 30 ili məhz bu ali təhsil ocağı ilə bağlı olmuşdur. O, burada müxtəlif vəzifələr daşımış, doktorluq dissertasiyası müdafiə etmiş (1956-cı il), pedaqogika professoru elmi adını almış, kafedra müdiri, dekan, elmi işlər üzrə direktor müavini, direktor (rektor—red.) vəzifələrində çalışmışdır. 1952-ci ildən isə Azərbaycan Respublikasının maarif naziri vəzifəsinə təyin olunmuş və 23 ildən artıq müddətdə respublikanın xalq maarifinə rəhbərlik etmişdir. Köksündə həmişə əsl müəllim ürəyi gəzdirən M.Mehdizadənin nazir işlədiyi dövrü onun pedaqoji fəaliyyətinin yeni mərhələsi adlandırsaq, yəqin ki, səhv etmərik. M.Mehdizadə nazir olduğu müddətdə xalq maarifimizin inkişafına böyük təşkilatçılıq əməyi sərf etmişdir. O, təhsilin yüksək peşəkarlıq səviyyəsində, elmi əsaslarla təşkili və idarə edilməsi sahəsində əsl nümunə göstərmişdir. Onun problemlərin həllində işə bələdliklə yanaşması, səbrli, təmkinli olması, şəxsi keyfiyyətləri ilə müdriklik, saflıq, təmizlik, işgüzarlıq nümunəsi göstərməsi xalq təhsili sahəsində çalışan digər işçilərin də bu keyfiyyətlərə yiyələnməsinə təsir göstərirdi. Zəhmətsevərlik və xüsusi qabiliyyət sahibi olmaq Mehdi müəllim üçün qoşa qanad olub, onu zirvədən-zirvəyə uçurub. O, adi gənc müəllim olanda da, metodist kimi tanınanda da, Pedaqoji İnstitutun rektoru səviyyəsinə qalxanda da, nazir işləyəndə də pedaqoji elmlər doktoru, professor elmi dərəcəsi və adı alanda da, Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü olanda da (1967), sadəliyi, təvazökarlığı, mehribanlığı, özünə qarşı tələbkarlığı ilə seçilmiş, müəllimlərin və xalq təhsili işçilərinin, alim həmkarlarının hörmət və ehtiramına layiq görülmüşdür. O, xidməti işini ictimai və elmi-pedaqoji fəaliyyəti ilə məharətlə əlaqələndirmiş, fəaliyyətinin baş məqsədinin pedaqoji elminə və xalq təhsilinin inkişafına xidmətdə görmüşdür. O, təhsil üzrə beynəlxalq əlaqələrin inkişafı sahəsində də böyük işlər aparmışdır. 1961-1964-cü illərdə UNESCO-nun təhsil üzrə komitələrindən birinin üzvü olmuş, inkişaf etməkdə olan dünya ölkələrində xalq maarifi quruculuğu təcrübəsinin yayılmasında fəal iştirak etmişdir. Polşada, Hollandiyada, Fransada, Afrika ölkələrində və digər yerlərdə pedaqoji elminin nailiyyətlərinin bəhrələrindən danışmışdır. Görkəmli maarif xadimi və ictimai xadim kimi tanınan M.M.Mehdizadə Azərbaycan pedaqoji elminin inkişafında xüsusi mərhələ təşkil edir. O, 50 illik elmi yaradıcılıq fəaliyyətində təhsilin tarixi, nəzəri və əməli problemlərini diqqətlə araşdırmış, Azərbaycan pedaqoji elminin inkişafına güclü təsir göstərmişdir. Onun respublikamızda məktəb quruculuğu, xalq maarifinin təşkili, təhsilin məzmununun, təlim metodlarının təkmilləşdirilməsi, tərbiyəvi işlərin səmərəliliyinin artırılması, xalq maarifinin idarə edilməsinin yüksəldilməsi sahəsindəki tədqiqatları pedaqoji ictimaiyyət arasında geniş yayılmış, əməli tətbiqi nəticələri ilə fayda vermişdir. Akademik M.Mehdizadənin elmi çıxışları Pedaqoji Elmlər Akademiyasının müşavirə və yığıncaqlarında, elmi şuralarda, respublika elmi-praktik konfranslarında, xalq maarifi işçilərinin müşavirələrində dərin məzmunlu, elmiliyi, istiqamətvericiliyi ilə diqqəti həmişə cəlb etmiş, “Azərbaycan məktəbi”, “Sovetskaya Pedaqogika”, “Narodnoye obrazovaniye” və digər jurnallarda, toplularda dərc edilmiş məqalələri faydalılığı ilə seçilmişdir. Akademik M.Mehdizadənin “Azərbaycanda sovet məktəbinin tarixinə dair xülasələr” (Azərbaycan və rus dillərində, Bakı, 1959: Moskva, 1962), “Azərbaycan xalq maarifi yeni yüksəlişdə” (Bakı, 1967), “Azərbaycanda xalq maarifinin sürətli inkişafı” (Azərbaycan və rus dillərində, Bakı, 1980), “Məktəbdə təlim-tərbiyə işinin təkmilləşdirilməsi yolları” (Bakı, 1982) kimi iri həcmli monoqrafiyaları və yüzdən artıq kitabça, jurnal məqaləsi Azərbaycan pedaqogikası elmində samballı yer tutan əsərlərdir.Alimin “Məktəbdə təlim-tərbiyə işinin təkmilləşdirilməsi yolları” monoqrafiyası məktəblilərin fəal həyat və idrak mövqeyi məsələlərini, onlarda ictimai və əmək fəallığının formalaşdırılması yollarını, təlim metodlarının təkmilləşdirilməsi və şagirdlərin müstəqi işinin səmərəli təşkili təcrübəsini geniş şəkildə əks etdirir. Akademik M.M.Mehdizadə elmi maraq dairəsi geniş olan alimlərdən idi. Onun elmi əsərlərinin bir qismi Azərbaycanda 1920-ci ilə qədərki məktəb quruculuğu məsələlərinə, təhsilin təşkilinə, ayrı-ayrı pedaqoqların pedaqoji fəaliyyətinin öyrənilməsinə həsr edilmişdir. XIX əsrdə və XX əsrin əvvəllərində də Azərbaycanda pedaqoji fikir, mətbuat və təlim rus dilində olan məktəblərin tarixi, təhsilin məzmunu və digər məsələlərlə əlaqədar elmi-tədqiqat nəticələrindən yalnız Azərbaycanda deyil, Rusiyada nəşr edilən pedaqoji fikir və məktəb tarixinə aid elmi nəşrlərdə, oçerklərdə geniş istifadə edilmişdir. O, ilk dəfə olaraq Azərbaycanda və eləcə də Cənubi Qafqazda fəaliyyət göstərən təlim rus dilində olan məktəbləri rus məktəbləri adlandırmış, onun açılmasını çar Rusiyasının siyasi məqsədləri, istilaçılıq niyyəti ilə əlaqələndirmişdir. Eyni zamanda, rus məktəblərinin oynadığı mütərəqqi rolunu da göstərmişdir. M.Mehdizadə görkəmli pedaqoq Rəşid bəy Əfəndiyevin həyatı və pedaqoji fəaliyyətinin tədqiqi sahəsində də əvəzsiz xidmət göstərmişdir.Alimin ən böyük xidmətlərindən biri Azərbaycanda məktəb tarixinin 1920-ci ildən sonrakı dövrünün öyrənilməsi ilə bağlıdır. Xüsusilə əsrimizin 20—30-cu illərindəki təhsil quruculuğu axtarışları, birinci və ikinci dərəcəli məktəblərdən vahid əmək politexnik məktəblərə doğru inkişaf, müxtəlif təlim metodlarının tətbiqi, kompleks proqramlar və digər mühüm pedaqoji məsələlərin həlli onun tədqiqatlarının aparıcı qollarını təşkil edir.Akademik M.Mehdizadənin əsərlərinin xeyli qismi bilavasitə təlimin təşkili, dərsin qurulması və aparılması, ayrı-ayrı fənlərin öyrənilməsi mexanizminin açıl-masına, təlim-tərbiyə prosesinin pedaqoji ustalıqla, yaradıcılıqla qurulmasından irəli gələn digər məsələlərin şərhinə aiddir. O, öz əsərləri ilə dövrünün pedaqoji salnaməsini yaratmış, təhsil quruculuğu tarixini yazmışdır. Onun Azərbaycanda məktəb işi təcrübəsindən bəhs edən monoqrafiyası başqa müəlliflərlə birlikdə 1984-cü ildə UNESCO xətti ilə ingilis, fransız, rus və digər dillərdə nəşr edilmişdir.M.Mehdizadənin tədqiqatlarının bir qismi qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilməsi, ümumiləşdirilməsi və yayılması ilə sıx bağlıdır. O, təlimin texniki vasitələrindən istifadəyə, təlimin həyatla, təsərrüfat quruculuğu ilə əlaqələndirilməsinə, şagirdlərin peşəyönümü işinə, məktəbdə tədris edilən dillərin mükəmməl öyrədilməsi məsələlərinə xüsusi diqqət yetirirdi. Təsadüfi deyildir ki, onun apardığı hər bir kollegiya iclası pedaqoji iş sahəsində nəyisə ümumiləşdirir, nəyisə öyrədir, nəyisə proqnozlaşdırırdı. M.Mehdizadə öz ətrafında çoxsaylı yaradıcı müəllimləri, pedaqoq alimləri, metodistləri birləşdirirdi. Hər ay cağırdığı geniş elmi yığıncaqlarda əvvəlcə öz həmkarlarını dinlər, sonra isə özünün yeni pedaqoji ideyaları ilə onları tanış edərdi. Zahid Şöyübov, Mustafa Salamov, Məhər Quliyev, Humay Həsənzadə, Mustafa Mustafayev, Sona Tağıyeva, Zara Safarova, Rimma Hənnfəyeva, Raisa Tahirova, Zərbəli Səmədov kimi adlı-sanlı müəllimlər, məktəb rəhbərləri, Əziz Əfəndizadə, Yəhya Kərimov, Yusif Talıbov, Bəşir Əhmədov, Zahid Qaralov, Vidadi Xəlilov, Zəhra Əliyeva, Əyyub İmaməliyev kimi məşhur metodist və pedaqoqlar onun pedaqoji məktəbindən qidalanaraq yeni-yeni uğurlar qazanır, yaradıcılıq axtarışları aparırlar. Bu sətirlərin müəllifi də Mehdi Mehdizadə dərslərində iştirakçı olduğu üçün ömrü boyu ona minnətdar olacaqdır. M.Mehdizadə tədqiqatlarının digər bir qismini onun xalq maarifinin idarə edilməsinə həsr edilmiş əsərləri təşkil edir. O, bu sahədə yalnız Azərbaycanla deyil, Rusiyada, Ukraynada, Belorusiyada, Orta Asiyada, Baltikyanı və digər respublikalarda hamının hesablaşdığı tədqiqatçılardan sayılırdı. Rusiyada təhsilin inkişafında xüsusi xidməti olan M.Prokofyev məruzə və çıxışlarında, məqalələrində M.M.Mehdizadənin adını görkəmli pedaqoqların ilk sırasında çəkərdi. Dünya şöhrətli pedaqoqlardan M.Skatkin, İ.Lerner, M.Maxmutov, A.İzmaylov, M.F. Şabayeva və başqaları onunla dostluq əlaqələri saxlay, Azərbaycanda təlim-tədris işi ilə onun əsərləri vasitəsi ilə tanış olurdular. M.Mehdizadə təhsilin məzmununun dövrün sosial, iqtisadi, elmi, texniki tələbatına cavab verməsinə xüsusi diqqət yetirərdi. O, tədris planlarının, fənn proqramlarının, dərsliklərin yüksək keyfiyyətlə, elmi-pedaqoji əsaslarla yaradılmasına, təhsil ocaqlarının bu dövlət sənədləri ilə vaxtında təchiz olunmasına həmişə səy edərdi. Təsadüfi deyildir ki, onun yaradıcılığında dərslik yaratmaq fəaliyyəti ayrıca yer tutur. Onun yaxından iştirakı və müəllifliyi ilə hazırlanmış iki hissədən ibarət “Pedaqogika” dərsliyi 1941, 1958-1959-cu illərdə nəşr edilmiş, uzun illər azəri türkü tələbələrinin istifadə etdiyi yeganə dərs vəsaiti olmuşdur. O, yüksək ixtisaslı elmi-pedaqoji kadrların yetişməsi üçün də əlindən gələni əsirgəməmişdir. Onun rəhbərliyi ilə bir neçə doktorluq və namizədlik dissertasiyası müdafiə edilmişdir. Moskva, Tbilisi, Bakı va digər şəhərlərdəki elm va təhsil ocaqlarının elmi şuralarında müdafiə edilən namizədlik və doktorluq dissertasiyalarına opponent olmuşdur.M.Mehdizadə 1980-ci ildən təqaüdə çıxaraq sırf elmi yaradıcılıq işinə qoşulmuşdu. Az müddətə məktəbli şəxsiyyətinin hərtərəfli inkişafından bəhs edən monoqrafiyasını çap üçün Moskvanın “Pedaqogika” nəşriyyatına təqdim etmişdi. 1982-ci ildə Bakıda “Maarif” nəşriyyatında təlim-tərbiyə işinin təkmilləşdirilməsi yollarından bəhs edən iri həcmli monoqrafiyası nəşr edilmişdir. Azərbaycan pedaqoji fikir antologiyasının redaksiya heyətində kitabın giriş məqaləsini yazmağa başlamışdı. “Azərbaycanda məktəb təhsili və pedaqoji fikrin inkişafı” adlı əsərini böyük həvəslə yazırdı. O, Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun elmi məsləhətçisi kimi elmi-tədqiqat problemlərinin seçilməsi və planlaşdırılmasında yaxından iştirak edir, gənc alimlərə məsləhətlər verir, xalq maarifinin və pedaqoji elmin aktual məsələləri ilə əlaqədar tədbirlərin təşkilində və keçirilməsində fəallıq göstərir, o zamankı SSRİ PEA-nın müxtəlif komissiyalarına rəhbərlik edirdi. Lakin amansız ölüm böyük alimin yaradıcılıq axtarışlarını davam etdirməyə imkan vermədi. O, 1984-cü ilin may ayının 1-də dünyasını dəyişdi, əbədilik dünyasına qovuşdu. O, öz iştirakı ilə hazırlanan Azərbaycan pedaqoji fikri antologiyasına pedaqoji fikrimizin görkəmli nӱmayəndəsi kimi daxil oldu. İlk dəfə Respublika Elmi-Pedaqoji Kitabxanası tərəfindən tərtib edilmiş bu biblioqrafik göstərici görkəmli pedaqoq-alimin 90 yaşına və Azərbaycanın pedaqoji ictimaiyyətinə böyük ərmağandır. Bu gün 90 yaşlı müdrik Mehdi müəllimlə mənən bir daha görüşür, saf su kimi təmiz, büllur kimi parlaq şəxsiyyətin zəngin mənəviyyatı qarşısında baş əyirik. “Ruhun şad olsun”, —deyirik,—ustad! Sənin yaratdıqlarından yaradılan bu kitab ad gününə yetirmələrindən bir ərmağandır. Sən bizdən uzaqlaşdıqca, biz sənə yaxınlaşırıq. Sənin cismən yoxluğunu duyduqca, varlığına ehtiyacımızı daha çox hiss edirik. Təsəllimiz əsərlərindir, yaratdıqlarındır. Bu gün sənin ruhunla birgə onların başına toplaşmışıq, sənin 90 illik yubileyini keçiririk. 90 yaşın mübarək! Ömrün mənalı həyatını həsr etdiyin millətinin ömrünə qovuşub qərinələrcə, əsrlərcə uzun olsun, USTAD!ƏJDƏR AĞAYEV

ƏJDƏR AĞAYEV Mənbə: Akademik Mehdi Mehdizadə-Biblioqrafiya. Bakı, 1992