Xəbərlər / 1/27/2021
Lenin adına APİ özünün 25 illik dəyərli fəaliyyəti və qazandığı böyük nailiyyətləri nəticəsində xalqımızın iftixar etdiyi ali məktəblərdən birinə çevrilmişdir. Bu şanslı 25 il ərzində APİ, Azərbaycan Sovet Sosialist Respublikasında şəkilcə milli, məzmunca sosialist mədəniyyətimizin, elm və incəsənətimizin, təhsil və maarifimizin inkişafında-Stalin dövrünə layiq bir pilləyə yüksəldilməsində misli görülməyən bir rol oynamışdır.Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda yaradılmış olan pedaqoji təhsilin inkişafında APİ-nin diqqətəlayiq olan bu rolunu ayrıca qeyd etməliyik.Məlumdur ki, Böyük Oktyabr sosialist inqilabından əvvəl Azərbaycanda heç bir pedaqoji təhsil yox idi. Belə bir təhsil, ildə 5-10 müəllim buraxan Qori müəllimlər seminariyası və Tiflis Müəllimlər İnstitutu müstəsna edilərsə, bütün Qafqazda belə, o zaman yox dərəcəsində idi. Bu gün isə Sovet Azərbaycanında bir Dövlət Darülfünunu, 3 Dövlət Pedaqoji İnstitutu, bir Elmi-Tədqiqat Pedaqoji İnstitutu, 7 Müəllimlər İnstitutu və 16 pedməktəbdən ibarət sıx bir ali və orta pedaqoji məktəb şəbəkəmiz vardır. Respublikamızın xalq maarifi sahəsində əldə etmiş olduğu bu görkəmli nailiyyət həqiqətən iftixara layiqdir. Sosialist inqilabından əvvəl bütün çar Rusiyasında yalnız 2 Pedaqoji institut və 19 Müəllimlər İnstitutunun olduğunu xatırlasaq, pedaqoji təhsil sahəsində indi qazanmış olduğumuz nailiyyətin əsl mənası daha da aydınlaşmış olar. Pedaqoji təhsilin bu gün Respublikamızda belə bir böyük ölçüdə artması və çiçəklənməsi partiya və hökumətimizin xalq maarifinə olan sonsuz qayğısının, Lenin-Stalin milli siyasətinin Vətənimizdə əməli olaraq tətbiqinin parlaq nəticələrini göstərən səhifələrdən biridir. Nailiyyətlərimizin hər sahəsində olduğu kimi, burada da biz Kommunist (bolşeviklər) Partiyasına, Sovet hökumətinə, böyük dahi Stalinə minnətdarıq.APİ Azərbaycanda pedaqoji təhsilin-ali və orta məktəblərin əsaslandırılmasında və inkişafında bir əsas həlqə-Azərbaycan dilində bir ali pedaqoji təhsil mərkəzi rolunu oynamışdır.Məlumdur ki, Azərbaycanda sovet hökuməti qurulan kimi, əsrlər boyu məktəbə həsrət qalan zəhmətkeş kütlələrin uşaqlarına təhsil-tərbiyə vermək məsələsi böyük bir siyasi vəzifə olaraq dövlət qarşısında dururdu. Belə bir məsələnin həlli ibtidai məktəblərin müqayisə edilməyəcək sürətlə çoxaldılmasını, ana dilində orta məktəblər təşkil edilməsini, bu məktəblərdə ana dilində dərs verməyə qabil orta və ali təhsilli müəllim kadrlarının hazırlanmasını tələb edirdi. Şübhəsiz bir-birinə bağlı olan bu vəzifələrin həlli üçün elə bir tədbirə əl atmaq lazım idi ki, onun həlli yerdə qalanların da həlli üçün kadrlar nöqteyi-nəzərdən əlverişli şərait yaratmış olsun. Hökumətimiz o zaman - inqilabın ilk illərində - bu tədbiri, əsas həlqəni Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (Ali Pedaqoji İnstitutu) yaradılmasında gördü. 1921-ci ildə APİ təşkil edildi və 1924-cü ildən etibarən ölkəyə müxtəlif fənlər üzrə yüksək ixtisaslı müəllimlər verməyə başladı. APİ 5-6 illik səmərəli fəaliyyəti nəticəsində yüzlərlə ali təhsilli müəllimlər hazırladı. Bu vəziyyət Respublikamızda orta məktəblərin sayını və xüsusilə pedməktəblərin miqdarını artırmağa, kadr cəhətdən onları möhkəmləndirməyə imkan yaratdı. 1930-31 -ci dərs ilində sayı 20-yə yaxın olan pedməktəblər ildə mindən ziyadə orta təhsilli müəllim qüvvəsi yetişdirdilər: buna söykənərək ümumi ibtidai təhsilin tətbiqi sürətləndirildi və 1933-cü ildə başa çatdırıldı ki, bu da “Mədəni inqilabın böyük bir qələbəsidir” (Stalin). Ümumi ibtidai icbari təhsil müvəffəqiyyətlə başa çatdırıldıqdan sonra 7 illik həcmində ümumi təhsil günün əsas vəzifəsi kimi irəli sürüldü. Bu münasibətlə natamam orta və orta məktəblərin sayını sürətlə artırmaq zəruriyyəti maarif orqanları qarşısında durdu. Belə bir vəziyyət ali pedaqoji təhsilin genişləndirilməsini qətiyyətlə tələb etdi ki, bu da yeni elmi işçi qüvvəsinin yetişdirilməsilə əlaqədar idi. APİ bu böyük dövlət məsələsinin də həllində görkəmli və mərkəzi bir yer tutdu.İlk günlərində 2-3 müəllimlə fəaliyyətə başlamış olan APİ 10-12 il müddətində partiya və hökumətimizin qayğısı sayəsində İttifaqımızın qabaqcıl ali məktəbləri sıralarına qoşuldu. İnstitut inkişaf etdi, daxilində 6 müxtəlif fakültə, 40-dan ziyadə müxtəlif kafedra, 25-dən artıq müxtəlif və zəngin kabinə, laboratoriya və emalatxanalar, olduqca zəngin bir kitabxana yaradıldı. APİ-də aspirantura təşkil edildi, qısa bir müddət içərisində, böyük bir əksəriyyəti, institutda tərbiyə görmüş 250 nəfərdən artıq elmi işçi APİ kafedralarında toplanmış oldu. Dövlətin qızıl fondunu təşkil edən bu elmi işçi kadrlarının və eyni zamanda APİ-nin bütün inkişafında görkəmli dərəcədə qeyrətlər sərf edən bir neçə hörmətli müəllimlərimizin adını yeri gəlmişkən xatırlamamaq qabil deyil. APİ-nin təməl daşını qoyan müəllimlərimiz prof.Əfəndiyev M., prof.Hüseynov S., prof.Rzabəyli F., mərhum dos. Məlikov R., Azad Əmirov və başqaları ilə birlikdə əl-ələ verərək uzun müddət APİ-də çalışan hörmətli rus alimlərin prof.Makovelski A.O., prof.Komarovski B.B., prof.Ammosov A.M., prof.Tixomirov, prof. Fridolin P.P., akad. Qpossheym, mərhum prof. Krassyski və b. tükənməz səyi və qeyrətləri nəticəsində İnstitutun kafedraları möhkəmləndirildi və elmi qüvvə hazırlayacaq bir dərəcəyə qaldırıldı. APİ-nin elmi və təlim bazası cəhətdən inkişaf etməsi Azərbaycanda yeni ali pedaqoji məktəblərin təşkilinə əlverişli zəmin hazırlamış oldu.Bütün bu məsələlərdən danışarkən pedaqoji elmlərin Azərbaycanda inkişafında APİ-nin görkəmli xidmətini unutmaq qabil deyil.APİ-nin pedaqoji və psixoloji kafedraları respublikamızda pedaqoji elmləri üzrə elmi-tədqiqat işində qabaqcıl rol oynamışdır.İndi müstəqil bir tədqiqat institutu olub pedaqoji elmləri üzrə tədqiqat işlərilə məşğul olan Azərbaycan Pedaqoji Tədqiqat İnstitutu 15 il bundan əvvəl APİ-nin pedaqoji və psixoloji kafedralarının elmi kafedralarına söykənərək təşkil edilmişdir. Azərbaycanda pedaqoji elmləri üzrə (elmlər namizədi) dissertasiya müdafiəsi birinci dəfə APİ-nin pedaqoji kafedrasından başlamışdır. Bu gün APİ-nin pedaqoji kafedrasında elmi təlim işi ilə məşğul olan 9 nəfər elmi işçidən biri pedaqoji elmləri doktoru, 5 nəfəri pedaqoji elmləri namizədi-dosent, bir nəfəri baş müəllim, 2 nəfəri müəllimdir. Kafedra nədində 4 nəfər də aspirant çalışmaqdadır. Kafedra üzvləri Azərbaycanda pedaqoji fikrin inkişafına dair diqqətəlayiq tədqiqat işi aparmış və qiymətli nəticələrlə başa çatdırmışlardır. Kafedranın rəhbəri pedaqoji elmlər namizədi, dosent Ə.Y.Seyidov Bakıxanovun pedaqoji görüşlərini tədqiq etmişdir ki, bu iş elmi konfranslarda təqdir edilməklə, Azərbaycan SSR Elmlər Akademiyasının mükafatı ilə qeyd edilmişdir. Dosent Seyidov indi özünün ikinci və daha mühüm tədqiqat işini başa çatdırmaq üzrədir ki, bu da (XIX əsrdə Azərbaycanda pedaqoji fikrin inkişafı)-müəllif tərəfindən pedaqoji elmlər doktorluğu dərəcəsini almaq üçün müdafiəyə təqdim ediləcəkdir. Kafedranın sabiq üzvü dosent Nasir Asatur- “M.F.Axundovun pedaqoji görüşləri”ni, dosent Xəlilov “Bakı Kommunasının xalq maarifi sahəsində tədbirləri”ni, dosent Arxarova B.L. “Məşhur rus pedaqoqlarının didaktiki görüşləri”ni, bu sətrləri yazan “Azərbaycanda əlifba təliminin inkişafı tarixi”ni işləmişlərdir.Kafedrada çalışan baş müəllim Axundova E. “Azərbaycanda qadın təhsilinin inkişafı” adlı disertasiya işini başa çatdırmaq üzrədir. Dosent Karamyan Q., “Ağayanın əxlaq tərbiyəsinə dair görüşləri”ni, dos. Voskerçyanın “Məktəblərdə şüurlu tərbiyə haqqında”, dosent Muradxanlı Mərdan “Nizaminin tərbiyə haqqında görüşləri”ni tədqiq etmişlər. Yeri gəlmişkən, yuxarıda adlarını saydığımız gənc elmi işçilərin yetişmələrində ciddi səy və qeyrətlər sərf edən, qayğıgöstərən akademik E.N.Medinski, akademik Konstantinov, əməkdar elm xadimi, professor Makovelski, professor B.Komarovskinin unudulmaz xidmətlərini ayrıca qeyd etməliyik.Kafedra üzvləri 1941/42-ci illərdə ana dilində əl yazması hüququnda pedaqojiyə və pedaqoji tarixinə dair vəsait düzəltmişlər (dosentlər Seyidov, Xəlilov, Mehdizadə; baş müəllim Mustafazadə D.).Pedaqoji kafedrasının fəaliyyəti yuxarıda saydıqlarımızla bitmir. Kafedra üzvləri tədqiqatlarının nəticələrini Respublikamızda və İttifaqımız miqyasında (Moskva və Kiyev şəhərləri) çağrılan elmi konfranslarda məruzə etmişlər. Kafedra üzvləri öz məqalələri ilə Respublikamızda nəşr edilən pedaqoji məcmuə və qəzetlərdə həmişə iştirak etmişlər, pedaqoji elm sahəsinə soxulmağa təşəbbüs edən düşmən nəzəriyyələri ilə mübarizə etmişlər, müəllimlərə kömək məqsədilə müəllim konfranslarında kommunist tərbiyəsinin məktəbdə vəzifələrinə dair məruzələr, ata-analar arasında kommunist tərbiyəsini ailədəki vəzifələrinə dair söhbətlər və s. aparmışlar və aparmaqdadırlar.Əlavə etməliyik ki, Respublikamızın sair ali məktəblərinin pedaqoji kafedralarını da məhz APİ-nin pedaqoji kafedrasında yetişən elmi işçilər idarə edirlər.APİ nailiyyətlərindən biri də xüsusi üsulların inkişafı və bu sahədə kadrlar hazırlığıdır. Bu gün APİ-də xarici dillər üsulu kafedrasının (dos. Qirşqorn, dosent Reçitskaya), təbiyyat üsulu kafedrasının (dos.Cəbrayılbəyli, dosent Kələntərli; baş müəllim Nağıyev N.B), riyaziyyat üsulu kafedrasının (baş müəllim B.Ağayev), dil və ədəbiyyat üsulu kafedrasının (baş müəllimləri Ələkbərov M., Terenteva N., dosent Abdullayev A.M.) yaradılması da nailiyyətlərimiz cümləsindən hesab edilməlidir.Pedaqoji təhsilin inkişafında APİ öz vəzifələrini bitmiş hesab edə bilməz. Yeni Stalin beşilliyi qarşımızda böyük və tarixi vəzifələr qoymuşdur. Bu vəzifələri qələbə ilə həyata keçirməkdən ötrü yeni elmi kadrlara möhtacıq ki, bunu da rəf etmək üçün APİ ilk cərgədə getməlidir. Tələbə və müəllim kütlələri üçün qiymətli pedaqoji ədəbiyyat yaratmaq geriyə buraxılması mümkün olmayan vəzifələrimizdəndir. Pedaqoji üzrə elmi-tədqiqat işlərimizi yenidən qurub, məktəbdə kommunist tərbiyəsinin daha düzgün və daha keyfiyyətli aparılmasına yardım etmək vacib bir məsələ kimi qarşımızdadır. Bu vəzifələrin hamısını həll etmək üçün lazım olan hər şərait mövcuddur, APİ və onun kollektivi iftixarla özünün 25 illik fəaliyyətinə yekun vurmaqla qarşısındakı vəzifələri də partiyamızın tələb etdiyi kimi həll etməyə hazırdır. Məqalə ilk dəfə 1948-ci ildə nəşr olunan “Azərbaycan Dövlət Pedaqoji İnstitutu (1921-1946) yubiley məcmuəsində nəşr olunub.
Mehdi Mehdizadə | Bax: F.A.Rüstəmov. Azərbaycan Dövlət Pedaqoji Universitetinin inkişafının ikinci mərhələsi. Bakı: Elm və təhsil, 2021, s.122-129