Xəbərlər / 5/27/2021
Respublika Təhsil Şurasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Mərkəzindən verilən məlumata əsasən, 25 may 2021-ci il tarixdə Respublika Təhsil Şurası İdarə Heyətinin növbəti iclası keçirilib. İclas çərçivəsində İdarə Heyətinin sədri Samir Mehdi-zadə Respublika Təhsil Şurasının 1998-ci ildə ‒ Azərbaycan müəllimlərinin XI qurultayında təsis edildiyini qeyd edərək, Birliyin 2001-ci il may ayının 25-də Dövlət qeydiyyatına alındığını vurğulayıb. Sədr Təhsil Şurasının qeydiyyata alınmasının 20 ilinin tamam olması münasibəti ilə İdarə Heyəti üzvlərini təbrik edib. Daha sonra iclasda müxtəlif məsələlər müzakirə edilərək, qərarlar qəbul edilib. İdarə Heyətinin qərarı ilə Birliyin nəzdində “Akademik Mehdi Mehdizadənin pedaqoji irsinin tədqiqi Mərkəzi” yaradılıb. Mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycanda pedaqogika elminin görkəmli nümayəndəsi, ictimai xadim, akademik Mehdi Məmməd oğlu Mehdizadənin zəngin pedaqoji irsinin tədqiq edilməsi, onun daha geniş auditoriyalarda təbliği, akademikin zəngin irsinin dərindən öyrənilməsi, təhlili, qorunub saxlanılması və bu istiqamətdə görüləcək işləri davamlı olaraq həyata keçirməkdir. Mərkəzin rəhbərinin təyin olunması İdarə Heyətinin növbəti iclasına saxlanılıb. Daha sonra Birliyə yeni üzvlər qəbul edilib.
Respublika Təhsil Şurasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Mərkəzi