Xəbərlər / 6/21/2021

TƏHSİL ŞURASI “AKADEMİK MEHDİ MEHDİZADƏ” MEDALI TƏSİS EDİB.

Respublika Təhsil Şurası “Akademik Mehdi Mehdizadə” adına medal təsis edib. Bu barədə Təhsil Şurasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib. Məlumatda bildirilir ki, Respublika Təhsil Şurası qeyd olunan medalla yanaşı, “Akademik Mehdi Mehdizadə” diplomu da təsis edib. Mənbənin verdiyi məlumatda qeyd olunur ki, Akademik Mehdi Mehdizadənin adını daşıyan medal və diplom təhsil və pedaqogika sahəsində aktual, elmi yeniliyi, mühüm elmi-nəzəri və təcrübi əhəmiyyəti ilə seçilən tədqiqat işlərinin müəlliflərinə ildə bir dəfə olmaqla təqdim ediləcək. Medal və diplomların sahibi xüsusi komissiya tərəfindən seçiləcək, qaliblər və onların elmi işi haqqında cəmiyyətə ətraflı məlumat veriləcək. Mənbə onu da bildirib ki, görkəmli alimin adına medal və diplomların təsis olunması təhsil və pedaqogika sahəsində tədqiqat işlərinin intensivləşməsi, tədqiqatçıların mənəvi həvəsləndirilməsi məqsədini daşıyır. Qeyd edək ki, akademik Mehdi Mehdizadə Azərbaycan və keçmiş sovetlər birliyində pedaqogika elminin görkəmli nümayəndəsi kimi tanınıb. O, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru olub. Akademik Mehdi Mehdizadə 20 ildən artıq müddət ərzində Azərbaycan SSR təhsil naziri vəzifəsində çalışıb. Görkəmli alim təhsilin, pedaqogika elminin aktual problemlərinə həsr olunmuş çoxsaylı elmi məqalələrin, kitabların müəllifi olub.

Bizimxeber.az