Xəbərlər / 10/15/2021
Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində səfərdə olarkən təməlini qoyduğu orta məktəb pedaqogika elminin görkəmli nümayəndəsi, tanınmış ictimai xadim, akademik, əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Mehdi Mehdizadənin adını daşıyacaq. Mehdi Mehdizadə 1903-cü il yanvar ayının 5-də Cəbrayıl qəzasının Daşkəsən kəndində anadan olub. 1914-cü ildə Daşkəsən kəndində açılan və tədrisi rus dilində aparılan 3 sinifli ibtidai rus-tatar məktəbinə daxil olub. Bakıda pedaqoji hazırlıq kursunu bitirib, imtahan verib və Azərbaycan Pedaqoji İnstitutunun (APİ) Fizika-riyaziyyat fakültəsinin birinci kursuna qəbul edilib. Məzun olduqdan sonra Mehdizadə ali təhsilli fizika və riyaziyyat müəllimi kimi Cəbrayıl qəzasının Qaryagin (indiki Füzuli) şəhərindəki orta təhsil məktəbində pedaqoji fəaliyyətini davam etdirib. Pedoqoji fəaliyyətlə yanaşı, o, elmi fəaliyyətlə də məşğul olub. Mehdi Mehdizadə 1941-ci ildə "Azərbaycan məktəblərində savad təlimi tarixi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi − alimlik dərəcəsi alıb. İkinci Dünya Müharibəsinində iştirak edən Mehdi müəllim qayıtdıqdan sonra 1946–1950-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda elmi pedaqoji fəaliyyətini davam etdirərək pedaqogika kafedrasının müdiri, fakültə dekanı, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb. 1950-1951-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun rektoru olub. Mehdi Mehdizadə 1952-ci ilin mart ayında Azərbaycan SSR-nin maarif naziri vəzifəsinə təyin edilib və 25 ilə yaxın müddətdə (1952–1954; 1960–1980) respublikanın xalq maarifinə rəhbərlik edib . O, 1957-ci ildə APİ-nin professoru vəzifəsinə seçilib. Öz ərizəsi ilə 1980-ci ildə Azərbaycan SSR maarif naziri vəzifəsindən azad edilib, həmin vaxtdan ömrünün sonunadək Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun elmi məsləhətçisi olub. İnstitutda Mehdizadə ilə bərabər çalışan, onun seminarlarının elmi katibi olan Azərbaycanın pedaqoq alimi, elmlər doktoru, professor, “Əməkdar müəllim” Vidadi Xəlilov Azvision.az -a bildirib ki, Mehdi müəllim ən parlaq təfəkkürü olan, güclü şəxsiyyət kimi meydana çıxan alimlərdən, vətəndaşlardan biri idi: - Mehdi Mehdizadə keçən əsrin dörddə biri qədər Maarif Nazirliyinə rəhbərlik edib. O, SSRİ məkanında şəxsi nümunəsi, elmi mövqeyi, təşkilatçılıq qabiliyyəti ilə tanınan, böyük nüfuz qazanmış əsl ağsaqqal idi. Professor SSRİ Pedoqoji Elmlər Akademiyasının təşkilatçılardan biri olub, Akademiyanın fəaliyyətə başladığı andan 1967-1984-cü ilə qədər onun ən nüfuzlu, sayılıb-seçilən müdirlərindən biri olub. YUNESKO-nun təhsil üzrə komitələrindən birinin üzvü olan Mehdizadə inkişafda olan ölkələrdə xalq maarifçi quruculuğu təcrübəsinin yayılmasında fəal iştirak edib. Vidadi Xəlilov akademiki APİ-də oxuyan zamandan, yəni 1963-cü ildən tanıyır. O bildirib ki, Mehdi Mehdizadə böyük müəllim, təhsil qurucusu idi: “Prezident İlham Əliyev Cəbrayılın elm xadimləri, ictimai fəalları ilə görüşündə Mehdi Mehdizadə adını daşıyan məktəbin layihəsinin təsdiq olunmasını bildirdi. Bu, ölkə başçısının Cəbrayıl ziyayılarına, elmi ictimai xadimlərinə göstərdiyi böyük diqqət və qayğıdır. Biz onunla fəxr edirik. Mehdizadə kimi böyük elm xadimləri, maarif qurucuları dövlətimizin diqqətindən yayınmır. Bu indiki və gələcək nəsillər üçün də örnəkdir, nümunədir”. Vidadi Xəlilov Mehdizadə haqqında “Əsrə bərabər ömür” filminin ssenari müəllifidir. O eyni zamanda “Akademik Mehdizadə ömrünün işığı” adlı kitabı yazıb. - Onun haqqında xatirələri tələbəsi, pedoqoji yetirməsi kimi, bir övlad məhəbbəti ilə yazmışam. 1980-ci ildə Mehdizadə təqaüdə çıxandan sonra Elmi-Tədqiqat Pedoqoji Elmlər İnstitunda 4 il - ömrünün sonuna qədər elmi məsləhətçi olub. Çox yaxın münasibətimiz var idi. İnstitutda elmi seminara rəhbərlik edirdi. Mən də onun elmi katibi kimi çalışırdım. O, bütün səyini, biliyini gənc nəslə, yeni elmi pedoqoji kadrların formalaşmasına həsr edirdi. Bənzəri olmayan ziyalı, akademik, pedoqoq alim, xalqın sevimlisi fəxri idi,- deyən Vidadi Xəlilov qeyd edib ki, Mehdi Mehdizadə hər şeydən əvvəl pedoqoq olduğu üçün maarif sistemində islahatların tərəfdarı idi. Ona görə də nazir olduğu dövrdə böyüyən nəslin mənəvi zənginliyini, hərtərəfli inkişafına böyük əhəmiyyət verirdi. Məktəblilərin yaradıcılıq müsabiqələrini, fizika və riyaziyyat olimpiadalarının keçirilməsini diqqət mərkəzində saxlayır, bu sahədə sistemli tədbirlərin həyata keçirilməsinə çalışırdı. O, eyni zamanda kimya-biologiya təmayüllü respublika ümumtəhsil məktəbinin təməlini qoyub. Mehdizadə Azərbaycan təhsilinin dünya təhsil sisteminə interqasiyasının tərəfdarı idi. Bu gün lisey və kollec ifadələri təhsil sistemi üçün yeni deyil. Mehdi müəllimin o dövrdə yaratdığı təmayül məktəblər bugünki lisey və kolleclərin modeli idi. Mehdizadə 1971-ci ildə “Dərsə verilən müasir tələblər” adı altında kitab nəşr etdirdi. Bu vəsait müəllimlərin stolüstü kitabı idi, əl-əl gəzirdi. Ömrünün sonuna yaxın “Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi yolları” kitabını çap etdirib. Bu kitab böyük monaqrafiya idi və indi də istifadə edilir. Onun dərslə bağlı dedikləri, dərsə verlən tələblər, müasirliklik, dərsdə tərbiyəedici elmi inkişafın olması fikirləri çox böyük rəğbətlə qarşılanırdı. - Dərsdə elmliyin, emosional vəziyyətin təmin edilməsinin tərəfdarı idi. Deyirdi ki, “dərs vermək məharəti həm də hər şeyə maraq oyatmaq məharətidir. Bu, kimə məlum deyilsə və dərsdə elmi mühitlə emosianal vəziyyət yaratmırsa, şagirdlərdə iftixar, hər şeyi öyrənməyə maraq hissi inkişaf edib formalaşmırsa, o dərsin dəyərindən bir o qədər də danışmağa dəyməz”. Bütün fəaliyyət prosesində dərsin inkişafetdirici şəxsiyyət yönünümlü imkanlarını diqqətə çatdırırdı",- deyə V.Xəlilov əlavə edib. Mehdizadənin başlatdığı təhsil sahəsində yeniliklər bu gün də öyrənilir, hətta bir çox məktəblərdə tədris hissə müdirləri, direktor müavinləri onun kitablarını, məqalələrini stolüstü vəsaitə çevirib, faydalanırlar, fəaliyyətlərini o istiqamətdə qururlar. Akademikin Azərbaycan təhsili üçün böyük böyük şəxsiyyət olduğunu vurğulayan professor bildirib ki, o, özünü məmur kimi aparmırdı. Qapısı hər zaman müəllimlərin, məktəb rəhbərlərinin üzünə açıq idi. - Onun Füzuli, Cəbrayıl məktəblərinə səfərlərdə iştirak etmişəm. Nazir kimi qarşılanmasına razılıq verməzdi. Deyirdi ki, “biz də dərsi dinləyənlərdən biriyirik, narahat olmayın. İstəyirik ki, işinizdə ən çox nəzərəçapran cəhətin hansı olduğunu öyrənək və əsərimizdə qeyd edək, nümunə göstərək”. Heç vaxt onda rəsmiyyətçilik, səsinin tonunu qaldırmaq olmayıb. 24 il onu yaxından tanıyan biri kimi deyə bilərəm ki, Mehdizadə məktəbə, müəllimlərə, şagirdlərə canını verirdi. Deyirdi ki, “nümunəvi müəllim dərsdə elmi əsaslara söykənməlidir, elmlik gözlənilməlidir. Hadisələr, anlayışlar elmi əsaslarla izah olunmursa, ona nə ad vermək olar? Elmliklə bərabər dərsdə emosianal vəziyyət, heyrət yaradılmalıdır. Şagirdlərdə elmi anlayışları öyrənməyə, mənimsəməyə bir maraq hissi olmalıdır, sıxıntı olmamalıdır”. Əsas tezislərindən biri bu idi ki, “dərsdə müəllim şagird münasibətlərində tam səmimilik olmalıdır”. Mehdi Mehdizadə çalışırdı ki, həmişə rayon və kənd məktəblərinin səviyyəsi şəhər məktəblərindən seçilməsin. Məktəblər maddi-texniki bazası, tədris metodikasına görə daha da irəli getsin. Elm xadimi əsərləri ilə dövrünün pedoqoji salnaməsini yaradıb. Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov bildirib ki, Azərbaycanda təhsilin inkişafında müstəsna rolu olan akademik Mehdi Mehdizadənin o zaman gördüyü işlər və irəli sürdüyü ideyalar dövrü üçün çox böyük əhəmiyyət kəsb etməklə yanaşı, indiki orta təhsil sisteminə də önəmli töhfələr verib. Onun “Azərbaycanda sovet məktəbinin tarixinə dair xülasələr”, “Azərbaycan xalq maarifi yeni yüksəlişdə”, “Azərbaycan xalq maarifinin sürətli inkişafı”, “Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi yolları” monoqrafiyası və yüzdən artıq məqaləsi Azərbaycan pedaqogika elminin inkişafında sanballı yer tutur. - Azərbaycan müəllimlərinin qurultaylarının üçünün (VII, VIII və IX) keçirilməsi Mehdi Mehdizadənin Xalq Maarifi komissarı və Xalq Maarifi naziri olduğu illərə təsadüf edir. Həmin qurultaylar nazir və alim kimi onun pedaqoji sahədə dərin bilik və təhlil qabiliyyətini bir daha sübuta yetirir. Təhsilimizin korifey akademiki Mehdizadə haqqında “Mehdizadə çox halal insan idi”, “Mehdizadə çox əməli-saleh insan idi”, “Mehdizadə son dərəcə xeyirxah insan idi” , “Mehdizadə əsl xalq adamı idi”, “Mehdizadə əsl alim, əsl ziyalı, əsl pedaqoq idi” və s. bu kimi sözləri onunla təmasda olan hər kəsdən həm sağlığında, həm də dünyasını dəyişdikdən sonra eşitmişik. Məhz bu keyfiyyətlərinə görə hamı onu indi də “ziyalılıq etalonu” sayır. Çünki, onun gecə-gündüz düşündüyü, fikri-zikri Azərbaycan xalqının gələcəyi, böyüyən nəslin təhsili, təlim-tərbiyəsi idi. Mehdizadə elə bir şəxsiyyət idi ki, vəzifəsindən, ixtisasından, peşəsindən, onunla yaxınlığından asılı olmayaraq, hamının rəğbətini qazanmış, onların qəlblərində dərin iz buraxmışdı. SSRİ xalq rəssamı, Rəssamlıq Akademiyasnın həqiqi üzvü Mikayıl Abdullayev, bəstəkar, xalq artisti, professor Süleyman Ələsgərov, akademik Budaq Budaqov, akademik Fuad Qasımzadə və adlarını sadalamqla bitməyən digər ziyalılarımızn xatirələrı insanda fərəh hissi oyadır. Nadir İsrafilov bildirib ki, onlarla təhsil mütəxəssisinin yetişməsində, o cümlədən elə onun özünün də pedaqoji sahə ilə bağlılığında, gələcəyimiz olan təhsilə inam və ümid bəsləməyində və təhsil işçilərinə hədsiz rəğbət göstərməsində Mehdi müəllimin şəxsi nümunəsinin böyük rolu olub: “Mehdi müəllim özünü kimdənsə üstün tutmaz, yaxud nazir olduğunu kiməsə biruzə verməzdi. Özüm bilavasitə şahidi idim ki, İttifaq miqyaslı elm və təhsil “nəhəngləri” Prokofyev, Babanski, Xripkova və bir çox digərləri mötəbər tədbirlərdə zala daxil olarkən hörmət və ehtiram əlaməti olaraq, ona necə yol verirdilər. Bu nüfuzu, bu hörməti Mehdi müəllim məhz sadəliyi və təvazökarlığı, səmimiliyi və alicənablığı ilə qazanmışdı. Nadir israfilov və uzun illər Təhsil Nazirliyində Mehdi Mehdizadə ilə birlikdə çalışan Əmənulla Məmmədov - Akademiklə ilk tanışlığım ötən əsrin 70-ci illərinin sonlarına təsadüf edir. O zaman pedaqoji stajımın 5 illik müddətinin tamamı üçün 6 aylıq çatışmazlığa görə məni işlədiyim məktəbə direktor təyin etməmişdi. Gülümsəyərək “nə yaşın var ki, sənin, get çalış, həyata alış, nəzərimiz üstündə olacaq” demişdi. Raykomun I katibinin israrlı xahişinə isə “mən təlimatı poza bilmərəm” cavabını vermişdi. Moskvada aspiranturanı bitirib, gələndən sonra Maarif Nazirliyi yanında Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi kimi çalışırdım. O zaman məni Riqaya göndərdi. Orada Latviya tarixinin ayrı fənn kimi tədris edildiyini və attestada yazıldığını bildirdim. Həmin vaxtı isə Azərbaycan tarixi SSRİ tarixinin içərisində tədris olunurdu. Onun təlimatı ilə 80 saatlıq Azərbaycan tarixi proqramını hazırladım və 1980-ci ildən bu fənn müstəqil fənn kimi keçilməyə başladı. Mehdi müəllimin müasirlərinin, onunla birgə çalışanların xatirələrini dinləyəndə, yaxud oxuyanda öz-özünə təsəlli tapırsan ki, nə yaxşı ki, təhsilimizdə Mehdi müəllim olub, nə yaxşı cəmiyyətimiz bu cür örnək insanlardan xali deyil. Akademik Mehdizadənin təhsilimiz üçün kim olması görkəmli pedaqoqumuz, uzun illər onunla çiyin-çiyinə çalışmış, xeyli müddət Respublika Təhsil Şurasına rəhbərlik etmiş mərhum professorumuz Əjdər Ağayevin bir ümumiləşdirilməsində çox dəqiq və sərrast ifadə edilib: "Mirzə Fətəli Axundzadə nəsrdə, Səməd Vurğun poeziyada, Üzeyir Hacıbəyli musiqidə kim idisə, akademik Mehdi Mehdizadə də təhsilimizdə o idi".
Aytən Zəhra | Azvision.az